Soçidə məktəbdə terror aktı planlaşdıran 6-cı sinif şagirdi saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Soçi şəhərində yerləşən məktəblərdən birində terror aktı hazırlayan 13 yaşlı yeniyetmə saxlanılıb.
Məhkəmənin qərarı ilə 6-cı sinif şagirdi olan məktəbli bir ay müddətinə yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti saxlama mərkəzinə yerləşdirilib.
İstintaq zamanı məlum olub ki, yeniyetmə öz təhsil müəssisəsinə hücum planını sosial şəbəkələrdəki həmfikirləri ilə müzakirə edib.
Naməlum şəxslər uşağa hücumla bağlı müxtəlif tövsiyələr verib və digər məktəblərdə baş vermiş oxşar hücumların görüntülərini onunla paylaşıblar.
Məhkəmədən verilən məlumata görə, yeniyetmə terror aktı törətməklə sinif yoldaşları ilə olan problemlərini “həll edəcəyini” düşünüb.
O, planlaşdırdığı hücumun əslində ağır bir cinayət olması və törədə biləcəyi dəhşətli fəsadlar barədə ümumiyyətlə fikirləşməyib.
Xuraman Etibarlı
İnterpress.az






