Çelyabinskdə smartfon satışı adı altında 500-dən çox rusiyalı aldadılıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Çelyabinsk şəhərində genişmiqyaslı dələduzluq faktı aşkarlanıb. Telefon satışı adı altında 500-dən çox Rusiya vətəndaşından ümumilikdə 15 milyon rubldan (təxminən 332 min manat) çox vəsait fırıldaqçılıq yolu ilə mənimsənilib. Faktla bağlı cinayət işi başlanılıb.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 30 yaşlı sahibkar elektronika mallarının satışı üzrə mağazalar açıb. Şübhəli şəxslər müştərilərdən əvvəlcədən ödəniş qəbul edərək vəsaitləri mənimsəyib, lakin malların alıcılara təhvil verilməsi barədə öhdəliklərini yerinə yetirməyiblər.
Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, hazırda zərərçəkənlərin tam siyahısı və dəymiş ziyanın dəqiq məbləği dəqiqləşdirilir, şübhəlilərə qarşı istintaq tədbirləri davam edir.
Xuraman Etibarlı
İnterpress.аz






