İstanbulda gizli kamera qalmaqalında 15 minə yaxın görüntü aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
İstanbulun Bakırköy rayonunda gözəllik salonunda gizli kameraların aşkarlanmasından sonra istintaqçılar 15 minə yaxın video qeydini götürüblər.
Arxivdə epilyasiya otaqları ilə yanaşı, geyinmə otaqları, hotellər və Airbnb mənzillərində çəkilmiş gizli görüntülərin də olduğu bildirilir.
Məlumata görə, minlərlə insanın intim görüntüləri internet vasitəsilə satılıb. Kameralardan bəziləri hərəkət sensorları formasında gizlədilib.
Avadanlığı quraşdıran şəxs görüntülərin kənardan müdaxilə nəticəsində əldə edildiyini iddia etsə də, onun telefonunda bu versiyanı təkzib edən yazışmalar aşkarlanıb.
Gözəllik mərkəzinin sahibi, avadanlığı quraşdıran şəxs və görüntülərin yayıldığı Telegram kanalının administratoru saxlanılıb. Araşdırma davam edir.
Xuraman Etibarlı
İnterpress.az






