Füzulidən dünyaya sülh, tərəqqi və quruculuq mesajları ötürülür – Tənzilə Rüstəmxanlıbackend

Füzulidən dünyaya sülh, tərəqqi və quruculuq mesajları ötürülür – Tənzilə Rüstəmxanlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

17 oktyabr Füzuli şəhəri günü, Azərbaycanın tarixi yaddaşında qürur, zəfər və yenidən doğuluşun simvoludur. Bu tarix təkcə bir şəhərin azad olunması deyil, həm də dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın yenilməz iradəsinin təntənəsidir.

media-44df10dd-0825-4426-b272-e3b174c7042c

2020-ci ilin 17 oktyabrında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli şəhərini və rayonun 62 yaşayış məntəqəsini işğaldan azad etdi. Füzuli uğrunda döyüşlər Vətən müharibəsinin ən ağır və eyni zamanda ən strateji əməliyyatlarından biri idi. Düşmənin 30 il ərzində qurduğu çoxmərtəbəli istehkam xətləri qısa müddətdə yarıldı. Füzuli uğrunda aparılan döyüşlər Azərbaycan Ordusunun gücünü, müasir döyüş qabiliyyətini və xalqın iradəsini dünyaya nümayiş etdirdi.

Bu gün Füzuli rayonunda aparılan bərpa və yenidənqurma işləri dövlət başçısının uzaqgörən siyasətinin davamıdır. Prezidentin tapşırığı ilə təsdiqlənmiş “Füzuli şəhərinin 2040-cı ilədək Baş planı” bu torpağın gələcəyini müasir şəhərsalma prinsiplərinə uyğun müəyyən edir.

Füzulidə aparılan quruculuq işləri Azərbaycanın iqtisadi imkanlarını və işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə göstərdiyi diqqəti nümayiş etdirir. Şəhərdə yeni yolların və nəqliyyat infrastrukturunun yaradılması bölgənin digər ərazilərlə əlaqəsini gücləndirir. Xüsusilə Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi Qarabağın nəqliyyat imkanlarının genişlənməsində mühüm rol oynayır. Ümumiyyətlə, Prezident İlham Əliyev Füzuli rayonuna etdiyi saysız-hesabsız səfərlərlə bu quruculuq prosesinə birbaşa rəhbərlik edir.

Dövlət başçısının Füzuliyə səfərləri zamanı yeni evlərin açarları doğma yurdlarına qayıdan sakinlərə təqdim olunub. “Böyük Qayıdış” proqramı çərçivəsində Füzuli şəhəri artıq minlərlə sakini qucaqlayır. Qayıdan vətəndaşlar üçün hər cür sosial-məişət şəraiti yaradılıb, iş yerləri açılıb. Füzuli Sənaye Parkı rayona yeni investisiyaların cəlb olunmasında mühüm rol oynayır. Kənd təsərrüfatı sahəsində modern texnologiyaların tətbiqi ilə iqtisadiyyat sürətlə dirçəlir. Tarixi və mədəni abidələrimiz, dağıdılmış məscidlər dövlət dəstəyi ilə əvvəlki görkəminə qaytarılır.

Füzulinin bərpası Böyük Qayıdış proqramının mühüm tərkib hissəsidir. Uzun illər məcburi köçkün həyatı yaşamış sakinlərin doğma torpaqlarına qayıtması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. İnsanların öz evlərinə dönməsi, burada təhlükəsiz və firavan həyat qurması böyük tarixi əhəmiyyət daşıyır. Doğma yurda qayıdan ailələr üçün yaşayış şəraitinin yaradılması, iş yerlərinin açılması və sosial xidmətlərin təmin edilməsi gələcəyə inamı artırır.

Füzuli Şəhəri Günü xalqımızın sarsılmaz birliyinin və iradəsinin təntənəsidir. Dövlətimizin dəstəyi ilə Füzulidə həyat tamamilə yenidən qurulub. Oktyabrın 17-si Füzuli sakinləri üçün ikiqat bayram, ikiqat sevinc günüdür. Bu gün Füzulidən dünyaya sülh, tərəqqi və quruculuq mesajları ötürülür. Rayonun hər bir guşəsində aparılan abadlıq işləri görənlərdə heyranlıq doğurur. Azərbaycan dövlətinin gücü və qüdrəti Füzulinin timsalında bütün dünyaya nümayiş etdirilir.