SOCAR ölkəmizin ən iri və tanınmış şirkəti hesab olunur. Zaman-zaman beynəlxalq arenadan da səsi gəlir: filan yerdə nəsə aldı və ya satdı, filan yerdə sponsor oldu, az qala idman yarışının qalibi oldu və s. və i.a. Lakin əslində hüquqi nöqteyi-nəzərdən belə şirkət heç mövcud da deyil.
Söhbət sadəcə addan getmir: fərqi yoxdur ingilissayağı SOCAR adlansın, yaxud millisayağı ARDNŞ. Yeri gəlmişkən, Prezidentin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 1.8-ci bəndinə əsasən onun qısaldılmış rəsmi adı elə məhz SOCAR-dır.
Həmin Nizamnamənin 1.4-cü bəndinə görə SOCAR guya hüquqi şəxsdir. Niyə guya?
Ona görə ki, Mülki Məcəlləmizin 50.1-ci maddəsində deyilir: “Hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur”. Lakin SOCAR-ın adında onun təşkilati-hüquqi forması göstərilməyib. Belə ki, SOCAR-ın Nizamnaməsinin 1.2-ci bəndində qeyd edilir ki, o, kommersiya fəaliyyətini həyata keçirir, yəni guya kommersiya hüquqi şəxsidir. Mülki Məcəlləmizin 4-cü fəslində kommersiya hüquqi şəxsinin yalnız 6 təşkilati-hüquqi forması nəzərdə tutulur: tam ortaqlıq, kommandit ortaqlığı, məhdud məsuliyyətli cəmiyyət, əlavə məsuliyyətli cəmiyyət, səhmdar cəmiyyəti və kooperativ. Hüquq elmində buna “numerus clausus” prinsipi deyilir. Yəni kommersiya hüquqi şəxsi yalnız bu 6 formadan birində mövcud ola bilər. SOCAR-ın isə adından və Nizamnaməsindən görünür ki, onun ümumiyyətlə təşkilati-hüquqi forması yoxdur. Bu isə o deməkdir ki, belə hüquqi şəxs mövcud deyil. Hüquq subyekti ya fiziki şəxs (insan), ya da hüquqi şəxs ola bilər. SOCAR bunların heç birinə aid deyil, deməli, qanunun gözündə (Prezident Fərmanı Qanuna ziddirsə, hüquqi qüvvəsi yoxdur) belə hüquq subyekti yoxdur!
Məsələnin sırf nəzəri problem olmasını düşünənlər yanılır. Ölkə daxilində ola bilər ki, problem olmaz, çünki biz hüquqi dövlətdən çox uzağıq, qanunlar, bir qayda olaraq, işləmir. Amma beynəlxalq münasibətlər müstəvisində problem ola bilər. Belə ki, SOCAR-ın ciddi məhkəmə mübahisəsi yaransa, xüsusilə o, bu əsnada cavabdeh olsa, xarici və ya beynəlxalq məhkəmə (arbitraj) ilk növbədə onun kimliyini, daha doğrusu mövcudsuzluğunu müəyyən edəcək. Bunun da 3 nəticəsi olacaq. Əvvəla, beynəlxalq aləmdə ölkəmizin imicinə ciddi zərbə dəyəcək: hüquq sistemimizin bərbad olması dünyaya bəyan olacaq (yeri gəlmişkən, tanınmış xarici hüquq ekspertlərinin sırf SOCAR-ın statusuna görə bizə rişxənd etdiklərinin şahidi olmuşam). İkincisi, SOCAR-ın işgüzar fəaliyyətinə zərər dəyəcək: bağladığı müqavilələr, iştirak etdiyi layihələr sual altında olacaq. Nəhayət, üçüncüsü, SOCAR-ın mövcudsuzluğu aşkar olunduqdan sonra, onun bütün öhdəliklərinə görə tam məsuliyyəti Azərbaycan dövləti daşıyacaq.
Odur ki, nə qədər gec deyil, SOCAR-ın hüquqi statusu məsələsi öz həllini tapmalıdır. Necə ki, ölkənin digər hüquqi problemləri həll olunmalı, hərtərəfli hüquqi islahatlar aparılmalıdır…
Əkrəm Həsənov, iqtisadçı ekspert