O, həm də yeganə yazarımızdır ki, haqqında Amerika, İngiltərə və Fransa kimi ölkələrin nəhəng media orqanları dəfələrlə danışıb, onu postkolonial – müstəmləkədən sonrakı ədəbiyyatın ilk nümayəndələrindən hesab edirlər.
Beləliklə, Amerikada xüsusi təşkilatlar tərəfindən ədəbiyyat üzrə Nobel mükafatına təqdim olunan ilk Azərbaycan yazardan, güneyli həmvətənimiz Rza Bərəhanidən qısaca da olsa, bəhs edəcək.
Rza Bərəhani hazırda Kanadada mühacir həyatı yaşayır. Toronto universitetinin professorudur. Bərahani uşaqkən ana dilində qəzet tərtib etdiyi üçün həmin yazını yalamalı olur. Elə o hadisədən sonra həyatının bütün fəaliyyət istiqamətini müəyyənləşdirir. Sadəcə olaraq mübarizə meydanını dəyişir. İctimai-maarifçi yöndən deyil, ədəbiyyat sahəsində bu döyüşü davam etdirir:
“Məktəbdə oxuduğum ilk illərdə dava-dalaşdakı danışıqların hamısı türk dilində olurdu. Dərsdə hamı türkcə danışırdı. O zaman mən məktəbin divar qəzetini türk dilində çıxarırdım. Ancaq Milli Hökumət süquta uğrayandan sonra türk dili yasaq olundu. Əmr etdilər ki, qəzet fars dilində çıxmalıdır. Əlbəttə, bunu bizə türk dilində söylədilər. Həmin dövrdə mən fars dilində yaza bilmirdim. Bu səbəbdən də qəzetin çıxarılmasını başqa bir şagirdə tapşırdılar. Cümə günü mən evdə narahat oturmuşdum. Anam soruşdu: “Niyə tutqunsan?”. Hadisəni ona danışdım. Anamın mənə dediyi “oğul, türkcə yaz” sözlərini heç vaxt unuda bilmərəm. Mən yenə köhnə kağızları bir-birinə yapışdırıb, mövzu tapıb yazdım. Səhəri gün onu fars dilində çıxan qəzetin yanından yapışdırdım. Sonra sinfə getdim.
Məktəbin müdir müavini gəlib onu qopardı. Ardınca zəngi çalındı, hamını – şagird və müəllimləri məktəbin həyətinə çağırıb, sıraya düzdülər. Müdir müavini bizdən türk dilində soruşdu: “Türk dilində olan bu qəzeti kim yazıb divara yapışdırıb?”. 11-12 yaşım var idi. Mən qabağa çıxdım. Müavin mənə türkcə dedi: “Məgər deməmişdim ki, türkcə yazmayın?”. Dedim: “Bəli, deyibsiniz”. Yenə türkcə soruşdu: “Bəs niyə yazıbsan?”. Cavab verdim: “Mən farsca bilmirəm”. O, qəzeti yerə atdı. Sonra boynumun kökündən tutub, başımı aşağı əydi. Türkcəmizdə mənə dedi: “Yala buraxdığın bu qəzeti”. Mən o qəzetin hamısını əvvəldən axıra qədər boyalarınadək yaladım, necə deyərlər hərfləri mənə yedirtdilər…”.
Bəzilərini təsirləndirən, bəziləri üçün müəmma qalan bu abzasda Bərahaninin ömrünüün ümumi mənzərəsini kiçik epizodda təqdim etdik. Həmin epizodu o, müsahibələrinin birində danışdıb. O zaman ona yaşıl rəngli mürəkkəbi həqiqətən yalatdırıblar. Ağzı gömgöy olmaqla yanaşı, bu onun səhhətinə də təsir edir. Sonra Rzanı məktəbdən evə çatdırıb özünə gətirirlər.
Rza Bərahani elə bu epizoddan doğulur. O, hələ bundan sonra çox təzyiqlərlə üz-üzə gələcəkdi, həbs olunub işgəncələri görəndən sonra isə mühacirətə getmə məcburiyyətində qalacaqdı. Bunların da hamısı rejimin sərtliyinə, qadağalarına etiraz olaraq yazdıqlarına, ana dilini müdafiə etdiyinə görə olacaqdı.
Yazıçı 13 ildir ki, orada yaşayır və dünyanın ən nüfuzlu universitetlərindən olan Torontoda çalışır. Bərahani 60-dan çox kitabın müəllifidir. Onun “Yurdumun insanları” əsəri avrobioqrafik səciyyə daşıyır və Təbriz mühitinin adət-ənənələri haqqındadır. İnsanlıq tarixi essesində isə İrandakı mövcud gerçəkliyə, fars rejiminin törətdiklərinə toxunub.
“Nyu York Tayms” qəzeti Rza Bərahani haqqında yazıb: “Onun əsərlərində təcridxanalarda verilən işgəncələrin xülasəsini oxuyuruq. O, əsərlərini dörd dildə yazır. Amma ən çox istifadə etdiyi dil isə ingilis dilidir”.
Rza Bərahani Avropada postkolonial ədəbiyyatın ilk nümayəndələrindən biri hesab edirlər. Postkolonial yəni (müstəmləkədən sonra) ədəbiyyat aid olduğu məkanın müstəmləkə zülmü altındakı hayqırtısından bəhs edir.Bərahani ana dili, azadlıq amilini qabartmaqla orada da bəzi problemləri qeyd edib: “Biz fars dilinə xidmət etmək məcburiyyətdində qalmışıq. Əslində bizi elə hala salıblar ki, biz öz dilimizə xəyanət etmişik. Nəyə görə mən, bir Azərbaycan ziyalısı 70 yaşımda belə bir hiss keçirməliyəm?! Bizim dilimizi əlimizdən alıblar. Mən istəmirəm ki, bizdən alınan haqq başqalarından da alınsın“.
Bərahani bu gün yaşadığı mühitdə yüksək nüfuza malikdir. Kanada Penklubunun sədri seçilən yeganə əcnəbi olub. Bunun özü ona verilən dəyərin göstəricisidir. Azərbaycanda iki dəfə 1995 və 2009-cu illərdə olub. Bakıya sonuncu səfəri şair Sabir Rüstəmxanlının vasitəsilə baş tutub.
Sonda Rza Bərahaninin kiçik şeirlərindən birini təqdim edirik:
Təbrizin ulduzlarla dolu göyünü də söküb
atdılar arabanın üstünə,
minlərcə parlayan təbrizli göz arabanın üstündən hayqırırdı:
“apardılar, bizi apardılar!”
Təbriz kəndinin çiçəkləri ağlayırdı.
Öndəki Ərki də atdılar arabanın üstünə.
İndi isə Günəşin sorağın alırıq kor qarılardan!
Sən isə yoxsan!
Nədən ki, gəlib səni də arabanın üstünə atdılar, apardılar.
Sənsiz bu torpaq dünyada neylərdik biz?!
Yuxuda da zamanın uzaqlarından
Yüz minlərlə arabanın hay küyünü eşidirdik
Gəlirdilər, bizi də aparırdılar…
Elmin NURİ