Layihə barədə deputat Vahid Əhmədov məlumat verib.
Qanun layihəsi 4 fəsil, 39 maddədən ibarətdir. V. Əhmədov Azərbaycanda reklamla bağlı qanunun qəbulundan 17 il keçdiyini xatırladaraq deyib ki, qanunun yenidən hazırlanmasına böyük ehtiyac var. O bildirib ki, qanun layihəsində sosial reklam anlayışı, onun hazırlanması və müəyyən olunması qaydalarına aydınlıq gətirilib: “Layihədə sosial reklam anlayışı daha anlaşıqlı şəkildə verilib, onun dövlət büdcəsindən maliyyələşən reklam istehsalçıları, reklam yayıcıları və agentləri tərəfindən ödənişsiz, özəl qurumlar tərəfindən isə ödənişli istehsal edilməsi və yayımlanması təsbit edilib. Müəyyən edilib ki, bütün reklam yayıcıları ümumi reklam vaxtının, nəşrlərdəki reklam yerlərinin və reklam qurğularının ümumi sahəsinin 8%-ni sosial reklam üçün ayırmağa borcludur. Qeyd etməliyəm ki, mövcud qanunda bu rəqəm 5% miqdarında müəyyənləşdirilib. O cümlədən, teleradioda sosial reklamın yayımlanmasının vaxt çərçivəsi də müəyyənləşdirilib: saat 9-dan gecə saat 12-yə kimi. Bu da əsasən ona görədir ki, çox vaxt sosial reklamı gecə vaxtı verirlər və həmin vaxt verilən sosial reklam maraq doğurmur. Televiziya və radio şirkətlərinin maraqları nəzərə alınaraq, sosial reklamın müddətinin reklam üçün ayrılan efir vaxtına daxil edilmədiyi də qanunda göstərilib. Elə bilirəm ki, bu maddələr sosial reklam vericiləri ilə həmin reklamın yayıcıları arasında maraqların toqquşmasını aradan qaldıracaq”.
V. Əhmədov qeyd edib ki, qanunun mətninin daha da sadələşdirilməsi, yayımlanan reklamlarda dövlət dilinin tələblərinə ciddi riayət edilməsi, qoyulan qadağaların nisbətən azaldılması ilə bağlı təkliflər nəzərə alınıb: “Bundan başqa, reklamın televiziya tamaşaçıları və radio dinləyicilərinə həm müsbət, həm də mənfi təsiri araşdırılaraq, onların yayımlanması tezliyi məsələsinə də yenidən baxılıb. Bu məsələdə işçi qrupu mütəxəssislərlə, nazirliklərlə məsləhətləşmələr aparıb, reklamın insan tərəfindən optimal qavranılması, psixikasına mənfi təsirinin qarşısının alınması üçün reklamlar arasında interval müəyyənləşdirilib”.
Qanun layihəsində yeniliklərdən biri də idman-mərc oyunlarının reklamı üçün vaxt məhdudiyyətinin qoyulması ilə əlaqədardır. Belə ki, əhalinin, xüsusən gənclərin psixologiyasına təsiri nəzərə alınaraq belə reklamların yayım vaxtı saat 23:00-dən 07:00-dək məhdudlaşdırılıb.
V. Əhmədovun sözlərinə görə, əvvəlki layihədən fərqli olaraq, alkoqollu içkilərin reklamına da yeni yanaşma tətbiq edilib: “Azərbaycanda tündlüyü müxtəlif olan alkoqollu içkilər istehsal olunur. Biz xarici ölkələrin alkoqollu içkilərin reklamı təcrübəsini öyrəndikdə gördük ki, dünyanın əksər ölkələrində bu məsləyə fərqli yanaşma var. Belə ki, alkoqollu içkilərin reklamı tündlük məsələsindən asılı olaraq fərqləndirilir. Xaricdə aparılan tədqiqatlar göstərir ki, bu cür içkilərin daha çox istehlak edildiyi ölkələrdə insanlar daha tünd içkilərin istehlakına az maraq göstərir. Həmin məhsulları istehsal edən şirkətlərin çoxu idman yarışlarına sponsorluq edir, onların reklamvericiləri kimi çıxış edir. Digər tərəfdən, qlobal telekommunikasiya məkanında belə məhdudiyyətin qoyulması imkan xaricindədir. Üstəlik, istənilən nəticə vermir, bununla öz istehsalçılarımızı reklam bazarından sıxışdıra bilərik. Buna görə də biz bu məsələyə həmin ölkələrinin qanunvericiliyində olduğu kimi yanaşmağı daha düzgün hesab edirik. Yeni qanun layihəsində başqa ölkələrdə olduğu kimi, tündlüyü yalnız 5%-dən yuxarı olan alkoqollu içkilərin reklamına vaxt məhdudiyyəti qoyulub, onların reklamının dövrü nəşrlərin yalnız üz və arxa səhifəsində yerləşdirilməsi qadağan edilib. Yeni maddə kimi reklam sahəsində qiymətlərin tənzimlənməsi maddəsi əlavə olunub. Bu maddəyə əsasən həmin qiymətlər reklam subyektlərinin özü tərəfindən müqavilə əsasında sərbəst təyin edilir və hesab edirik ki, bu, bazar münasibətlərinə daha uyğundur”.
İnterpress.az