Səfərov Məhəmməd Səfər oğlu (12.02.1964), Məhərrəmov Muradəli Qurban oğlu (09.04.1987) və Şəkərov Fazil Hilal oğlunun (23.10.1959) meyitləri tapılaraq Saxalinə aparılıb. Hər üç azərbaycanlının ailə üzvləri meyitlərə baxış keçirmək üçün Saxalinə gediblər.
Ümumrusiya Azərbaycan Konqresinin Saxalin vilayəti üzrə regional bölməsinin rəhbəri Nazir Hətəmov APA-ya bildirib ki, xilas olunanları və cəsədləri sudan çıxarılanları daşıyan “Andramed” gəmisi bu gün Saxalin vaxtı ilə saat 10:00 radələrində Korsakov limanına çatıb: “Xilas olunan dörd azərbaycanlı xəstəxanaya yerləşdirilib. Onlardan birinin – Mayılağa Talıbovun vəziyyəti ağırdır. Taleyi naməlum olan üç nəfərin isə öldüyü məlum olub. Hazırda həmin şəxslərin ailələri Saxalindədirlər. Artıq həyatlarını itirmiş Fazil Şəkərovun və Məhəmmədəli Səfərovun qardaşları onların cəsədini tanıyıb”.
Diaspor rəhbəri baxış keçirildikdən sonra meyitlərin Azərbaycana göndəriləcəyini söyləyib: “Muradəli Məhərrəmov Naxçıvana, Fazil Şəkərov Astaraya, Məhəmməd Səfərovun cəsədi isə Zaqatalaya göndəriləcək”.
N. Hətəmov deyib ki, ölən azərbaycanlıların cənazələrinin Azərbaycana göndərilməsini “Uzaq Şərq” gəmisinin sahibi olan firma öz üzərinə götürüb.
Qeyd edək ki, Oxot dənizində \”Uzaq Şərq\” adlı balıqçı gəmisinin batması barədə məlumat aprelin 1-də Moskva vaxtı ilə saat 23.39-da daxil olub. Maqadan şəhərindən 300 km aralıda batan gəmidən SOS siqnalı gəlməyib. Gəminin 132 nəfərdən ibarət heyətinin 78-nin Rusiya, 54-nün isə başqa ölkələrin vətəndaşları olduğu bildirilib. Qəza nəticəsində 56 nəfərin öldüyü, 13 nəfərin itkin düşdüyü açıqlanıb. Gəminin heyəti arasında 7 nəfər azərbaycanlıdan dördü – Mayılağa Talıbov, Elman və Yaşar Əliyev qardaşları, İmaməddin Sadıqov xilas ediliblər.
İnterpress.az