Məhkəmənin müvafiq qərarı əsasında həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində X.Ağayevanın, Masallı rayon sakinindən bacısına əlillik dərəcəsinin təyin edilməsi üçün 600 manat tələb etməsi və həmin pulun 500 manatını 2015-ci il martın 13-də 30 saylı TSEK-in Cəlilabad rayonunda yerləşən inzibati binasında iş otağında rüşvət kimi almasında, həmçinin xidməti vəzifəsinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul istəməsi və ya almasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
X.Ağayevanın iş otağında axtarış zamanı istintaq üçün əhəmiyyət kəsb edən müxtəlif sənədlər, o cümlədən digər vətəndaşlardan əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı onların adları və soyadlarının qarşısında rüşvət kimi aldığı ehtimal edilən məbləğlərə dair qeydlər aparılmış sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Göstərilənlərlə yanaşı X.Ağayevanın korrupsiya hüquqpozmaları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Biləsuvar və Cəlilabad rayon sakinlərindən daxil olmuş 52 müraciət üzrə zəruri araşdırmalar aparılmaqla qanuna müvafiq qərarların qəbul edilməsi təmin ediləcək.
İnterpress.az