“Azərbaycanda inflyasiya çox aşağı səviyyədədir”backend

“Azərbaycanda inflyasiya çox aşağı səviyyədədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu bu gün Nazirlər Kabinetinin iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident bildirib ki, ötən ilin sonunda bölgədə böhran başlasa da, Azərbaycan iqtisadiyyatın dinamik inkişafını təmin edib, bu ilin birinci rübündə də bu müsbət meyillər davam edib.

Dövlət başçısı qeyd edib ki, bu ilin I rübünün yekunlarına görə, ümumi daxili məhsul 5 faizdən çox artıb: “Bu, çox gözəl göstəricidir, həm region, həm dünya üçün. Bu gün dünyada 5,3 faiz, yaxud da ki, 6 faizə yaxın inkişaf edən iqtisadiyyatlar çox azdır”.

Qeyri-neft sektorunun 7 faiz artdığını qeyd edən prezident bildirib ki, dünyada neftin qiymətinin kəskin düşməsi Azərbaycanın ümumi iqtisadi inkişafına təsir etməyib: “Bu göstəricilər bizim seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir”.

Prezident qeyri-neft sektorunun inkişafının prioritet olaraq qalacağını vurğulayıb: “Artıq bir müddətdir ki, qeyri-neft sektorumuz ümumi daxili məhsulumuzun əksər hissəsini təşkil edir. Əminəm ki, bu faiz nisbəti getdikcə daha da artacaq və beləliklə, bundan sonra Azərbaycan iqtisadiyyatı neft-qaz amilindən daha da az asılı olacaq”.

Ölkə başçısı bu ilin birinci rübündə sənaye istehsalının təxminən 4 faiz, kənd təsərrüfatının 3 faizdən çox artdığını qeyd edib.

Prezident bildirib ki, inflyasiya Azərbaycanda çox aşağı səviyyədədir: “Keçən il bir faizdən bir qədər çox idi. Bu il isə 2,8 faizdir. O da çox əlamətdar hadisədir ki, manatın məzənnəsinə bu ilin fevralında dəyişikliklər edilib, buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir. Bu, onu göstərir ki, Azərbaycanda istehlak bazarına nəzarət tam təmin edilir, dövlət və hökumət bu məsələləri daim diqqət mərkəzində saxlayır”.

Ölkə başçısı bildirib ki, inflyasiyanın aşağı səviyyədə olması, əlbəttə ki, insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir: “ Eyni zamanda, onu da bilməliyik ki, inflyasiya çox aşağı səviyyədə olanda iqtisadi inkişafı bir qədər əngəlləyir. Ona görə burada düzgün balans seçilməlidir. Azərbaycanda makroiqtisadi vəziyyət daim diqqət mərkəzindədir. İnflyasiya həm sosial funksiyalarını özündə ehtiva etməlidir, eyni zamanda, ölkəmizin inkişafını, xüsusilə ixrac potensialımızın genişləndirilməsini təmin etməlidir. Hər il olduğu kimi, bu il də əhalinin pul gəlirləri inflyasiyanı üstələyir. Əhalinin pul gəlirləri 5,3 faizdir, təxminən iki dəfə inflyasiyadan artıqdır”.

Prtezident deyib ki, Azərbaycan iqtisadiyyatı möhkəm təməl üzərində qurulub, özünü təmin edən iqtisadiyyatdır, xarici maliyyə resurslarından asılı deyil: “Əksinə, biz indi özümüz donor kimi, həm başqa ölkələrə, eyni zamanda, beynəlxalq maliyyə qurumlarına maliyyə resurslarımızı təqdim edirik. Bu da bizə əlavə mənfəət gətirir. Azərbaycan iqtisadi müstəqilliyini tam şəkildə əldə etdikdə təbii ki, siyasi müstəqillik daha da güclənir”.

Prezident bildirib ki, regionlarda birinci rübdə müsbət meyillər müşahidə olunub. İş yerlərinin yaradılması prosesi gedib, 25 mini daimi olmaqla 30 minə yaxın iş yeri açılıb.

Hazırda işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir.

İnterpress.az