İnterpress.az xəbər verir ki, yeni qaydalara əsasən, Bakı şəhərində 12 əmsal üzrə əmlak vergisinin hesablanması həyata keçiriləcək. Mərkəzdə yaşayanlar daha çox, şəhərdən kənarda yaşayanlar daha az vergi ödəyəcəklər.
İqtisadçı -ekspert Vuqar Bayramovun şərhinə görə, yeni dəyişikliklərdən sonra mənzillərə görə ödənilən əmlak vergisinin məbləği azaldılıb: “Bu dəyişikliklərədək fiziki şəxslərin əmlak vergisi fiziki şəxslərin xüsusi mülkiyyətində olan əmlakın inventarlaşdırılmış dəyəri 5 min manat azaldıldıqdan sonra yerdə qalan məbləğ 0.1%-lə vergiyə cəlb olunmaqla hesablanılırdı. İndi verginin hesablanılması üçün əmlakın dəyəri yox, sahəsi əsas götürüləcək. Bu verginin ödənilməsi ilə bağlı aşağıdakı məqamlar olduqca əhəmiyyətlidir:
– Əvvəlla, sahəsi 30 kv metrədək olan mənzillər əmlak vergisindən azaddır. Yəni, yaşayış sahəsi 30 və daha az kv metrə malik olan mənzillərdən bələdiyyə nümayəndəsinin vergi ödənilməsini istəməsi yeni dəyişikliklərə əsasən qanunsuzdur və bu halda heç bir vergi ödənilməməlidir;
– İkincisi, mənzilin sahəsi 30 kv metrdən çoxdursa o zaman vergi bütün sahəyə deyil, azad olunan hissə çıxıldıqdan sonra qalan sahəyə hesablanır. Mələsən, mənzilin sahəsi 70 kv metrdirsə o zaman vergi 40 kv metrə (70 kv m- 30 kv m = 40 kv m) tətbiq edilir;
– Üçüncüsü, əmsallar tətbiq edilən zaman Bakıdan kənarda yerləşən mənzillərin əmlak vergisi azaldılır. Məsələn, mənzil Buzovnada yerləşirsə o zaman ümumi məbləğ 0.8-ə vurulur. Məsələn, Buzovnada yerləşən və sahəsi 70 kv m olan mənzil üçün vergini son məbləği praktik olaraq azaldılır. Bu zaman hesablanmış 16 manat (70- 30 X 0.4 manat) 0.8-ə vurulur və son məbləğ 12.8 manat, yəni 16 manatdan az olur;
– Dördüncüsü, Bakı şəhəri üzrə tətbiq edilən 12 əmsalların 6-da əmsallar son vergi məbləğini azaldır, biri məbləği dəyişmir, 5-i isə artır. Deməli, yeni əmsallar daha çox əmlak vergisi üzrə son məbləğlərinin azaldılmasına xidmət edir;
– Beşincisi, mənzil sahibləri əmsalları çap etməklə öz evləri üçün əmlak vergisinin məbləğini hesablaya bilər. Yeni əmsallar artıq Vergilər Nazirliyinin saytında yerləşdirilib(http://taxes.gov.az/uploads/qanun/2015/nk/06042015elave.pdf ) . Bu zaman, hesablama prinsipi çox sadədir: (Ümumi Yaşayın Sahəsi – 30 kv.m ) X 0.4 manat X Əmsal;
– Altıncısı, əmsallar yalnız Bakı şəhərində yerləşən binalara tətbiq olunacaq. Paytaxtdan kənarda o cümlədən Sumqayıt və Abşeron rayonunda yerləşən binalara və evlərə əmlak vergisi hesablanan zaman heç bir əmsaldan istifadə olunmayacaq;
– Yeddincisi, paytaxtda vergi hesablanan zaman vergiyə cəlb olunan sahə 0.4 manata vurulursa, Gəncə, Sumqayıt və Abşeron rayonu üçün bu 0.3 manat, digər şəhər və rayon mərkəzlərində 0.2 manat, rayonlardakı qəsəbbə və kəndlərdə isə 0.1 manatdır. Bu isə o deməkdir ki, əgər sizin eviniz Masallı rayonunda kənddə yerləşir və sahəsi 120 kv m.disə, o zaman vergi aşağıdakı kimi hesablanır: (120 kv. m- 30 kv. M ) X 0.1 manat = 9 manat. Deməli, kənddə yerləşən və sahəsi 120 kv. m olan ev sahibi cəmi 9 manat ödəyəcək, əgər həmin ev rayon mərkəzindədirsə o zaman 18 manat heablanacaq;
– Nəhayət, vergilər illik hesablanır və ildə 1 dəfə bələdiyyə tərəfindən yığılır”.
Ekspertin sözlərinə görə, digər əhəmiyyətli məqam bu əmsallar tətbiq ediləndən sonra ləğv edilmiş, amma fəaliyyətini davam etdirən Mənzil İstismar Sahələri (JEK) tərəfindən yığılan ev pulları hələ də toplanması ilə bağlıdır: “Əmlak vergisi ödəyən mənzil sahibinin həm də ev pulu ödəməsi doğrudurmu? Cavab birmənalıdır: mənzilə görə yalnız bir oxşar vergi ödənilməlidir”.
İnterpress.az