Kürdəmir rayon Baytarlıq İdarəsi əməkdaşlarının keçirdiyi reyd zamanı rayonun Xınıslı kəndində Anar Bağırovun qanunsuz şəkildə öz həyətində iki at kəsərək, inək əti adı altında satması faktı aşkarlanıb.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, o, həyətində atların kəsilib soyulması üçün xüsusi qurğular qurub. Reyd zamanı kəsilmiş və soyulmuş atlar ağacdan asılmış vəziyyətdə olub. Anar Bağırov bu işlə məşğul olmadığını, atları rayonun digər kəndlərindən aldığını və kəsərək Bakı şəhərində sakinlərə mal əti adı ilə satmaq istədiyini etiraf edib. Anar Bağırov saxlanılıb.
Ətlər Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən müsadirə olunaraq Respublika Baytarlıq laboratoriyasına göndərilib. Faktla bağlı araşdırmalar aparılır.
Kürdəmir Rayon Baytarlıq İdarəsinin rəisi Mehman Nəsirov bu cür reydlərin mütəmadi olaraq keçiriləcəyini qeyd edib. ( apa )
İnterpress.az