Bu barədə məlumat İnterpress.az-a “Təmiz dünya” İctimai Birliyindən daxil olub. Təşkilatın məlumatına görə, 3 azyaşlı övladı olan Rüstəmova Arzu Şəmsəd qızı ilə direktor arasında əmək haqqı məsələsində mübahisə yaranıb. 53 manat əmək haqqı aldığını bildirən qadın direktordan ona verilən məbləğin artırılmasını istəyib: “Təşkilata müraciət edən qadın bildirib ki, direktor onun bu tələbini eşitdiyi zaman aralarında mübahisə yaranıb. Direktor təcili yardım çağıraraq qadını Maştağadakı ruhi- əsəb dispanserinə göndərib. Qadını orda həyat yoldaşının xəbəri olmadan 4 gün saxlayıblar. Əri onu çox axtarıb, nəhayət, 102 xidmətinə zəng vurduqdan sonra qadının dispanserdə olduğu aşkarlanıb. Şikayətçi dispanserdə ona müxtəlif iynələr vurulduğunu, həmçinin direktorun həyat yoldaşı tərəfindən ailəsinin hədələndiyini bildirir. Əvvəl qadının həyat yoldaşına onun 20 Yanvar dairəsindəki xəstəxanada olduğu bildirilib, lakin 102-yə müraciətdən sonra onun dispanserdə olduğu məlum olub. Hal-hazırda iş prokurorluqdadır. Qadının iddiasına görə, şikayət ərizəsini geri götürəcəyi təqdirdə ona əmək haqqının ödəniləcəyi bildirilib”.
Hadisə ilə bağlı məktəbin direktoru İlahə Murquzova ilə əlaqə saxlamaq mümkün olmayıb. Məktəbdən İnterpress.az-a direktorun 10 gündən artıqdır ki, xəstəliklə əlaqədar bülletendə olduğu bildirilib. Direktorun mobil telefonu da bağlı olub.
Elnarə KƏRİMOVA
İnterpress.az