Bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.
Y. Xanvəli bildirib ki, at və yaxud başqa heyvanın ətinin satışa çıxarılması üçün onlar mütləq baytarlıq-sanitariya ekspertiza laboratoriyasında müayinədən keçirilməlidir: “At əti satışa çıxarılacaqsa, mütləq baytarlıq-sanitariya ekspertiza laboratoriyasında heyvanın sağlam olması haqqında arayış verilməlidir. Heyvan haradan gətirilib və sair. Heyvanın sağlamlığına tam əmin olduqdan sonra onun satışına icazə verilir”.
Sallaqxanalarda daima reydlər keçirildiyini qeyd edən Y. Xanvəli qeyri-qanuni heyvan kəsiminə qarşı mübarizənin davam etdiriləcəyini söyləyib.
Qeyd edək ki, aprelin 15-də Kürdəmir Rayon Baytarlıq İdarəsi rayonun Xınıslı kənd sakini Bağırov Anar Ağarəsul oğluna məxsus həyətdə antisanitariya vəziyyətdə kəsimi aparılan, baytarlıq-sanitariya ekspertiza laboratoriyasından keçməyən 165 kq miqdarında at əti aşkarlayıb. Aparılan araşdırma zamanı atın yeni kəsildiyi və satış üçün hazırlandığı məlum olub.
İnterpress.az