Səfir Nquyen Than Şon fəxri qarovul dəstəsinin qarşısından keçdi. Nquyen Than Şon etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Vyetnam Sosialist Respublikasına ötənilki səfərini, orada Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyi və aparılan səmərəli müzakirələri məmnunluqla xatırladı. Yüksək səviyyəli qarşılıqlı təmasların ölkələrimiz arasında əlaqələrin dinamik və uğurlu inkişafının göstəricisi olduğunu deyən Prezident İlham Əliyev mövcud əlaqələrin səviyyəsinin razılıq doğurduğunu qeyd etdi. Prezident İlham Əliyev səfirin fəaliyyətinin ikitərəfli münasibətlərin gücləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
Səfir Nquyen Than Şon Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanqın salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırdı. Nquyen Than Şon ölkəsinin Azərbaycan ilə dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində və daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd etdi. Prezident İlham Əliyevin Vyetnama səfərinin onlarda xoş təəssürat yaratdığını deyən səfir ölkəsində ulu öndər Heydər Əliyevi və onun rəhbərliyi dövründə Azərbaycanın əldə etdiyi uğurları çox gözəl xatırladıqlarını bildirdi.
Dövlətimizin başçısı İlham Əliyev Vyetnam Prezidenti Truonq Tan Sanqın salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını Vyetnam Prezidentinə çatdırmağı xahiş etdi.
İnterpress.az