İnterpress.az xəbər verir ki, Mənzər Hacıyeva Nyu-York Universitetinin məzunudur. Gənc dizayner moda sahəsində artıq bir cox ölkələrdə tanınır. O, Michael Kors, Lanvin, Zak Posen, Narciso Radrigues kimi məşhur dizaynerlərin studiyalarında çalışıb. Nərminə Vəliyeva Azərbaycan Rəssamlıq Akademiyasının məzunu, Beynəlxalq Uşaq Yaradıcılıq Fondunun Rəyasət Heyətiniun üzvü, bir çox beynəlxalq rəsm müsabiqələrinin qalibidir. Alman rəssamı Stephan Geislerdən dərs alıb. Həmçinin alman rəssamı İnga Shmit tərəfindən ustad dərsləri alıb. Amerika, Almaniya, İtaliya və bir çox digər ölkələrdə sərgiləri keçirilib. Əsərləri bir çox şəxsi kolleksiyalarda saxlanılır. Gənc rəssam Nərminə Vəliyevanın yaradıcılığı barədə iki sənədli film çəkilib. Aprel ayında Nərminə Vəliyevanın əsəri Amerikada iPone və iPad qablarında yerləşdirilib. İki gənc istedadlı xanım öz layihələrində qadınların hiss və duyğularını əks etdirib.
Dizayner Mənzər Hacıyeva öz geyimləri ilə xanımların dəyişən obrazlarını həyatın müxtəlif etaplarında göstərməyə çalışıb. Rəssam Nərminə Vəliyevanın əsərlərində Orxoz qadınlar təsvir edilib. “Orxoz” qədim yunan sözü olub və tərcümədə “yumurta” deməkdir. Bu da qadınların həyatın başlanğıcı, yeni doğuluş, həyat simvolu olmasına işarə edir. Əsərlərdə qadın duyğularının müxtəlif çalarları əks edilib.
Təqdimat mərasimində Mənzər Hacıyevanın geyimləri Nərminə Vəliyevanın tabloları ilə uyum yaradıb. Muzeyin direktoru Cingiz Mustafayev gənc və istedadlı xanımları təbrik edib. Xalq rəssamı, professor Salhab Məmmədov tələbəsi Nərminə Vəliyevanı cox istedadlı rəssam kimi tanıdığını və onun Azərbaycan incəsənətində özünəməxsus bir yolu olduğunu gələn qonaqların diqqətinə çatdırıb. Rəssamlar İttifaqının katibi, professor Ağaəli İbrahimov hər iki xanımı birgə layihə münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.
Sərgidə 20 geyim modeli və 15 rəsm əsəri nümayiş etdirilib.
İnterpress.az