İnterpress.az bildirir ki, iqtisadçi ekspert Vüqar Bayramlı Taarif Şurasının dərman peraparatlarının qiymətini tənzimlənməsinə başlamasının sözügedən bazarda müşahidə edilən yüksək və daha çox süni xarakter daşıyan qiymətlərlə bağlı olduğunu deyib: “İqtisad və Sosial İnkişaf Mərkəzinin apardığı monitorinqlər göstərir ki, Azərbaycanda dərmanların qiyməti qonşu ölkələr ilə müqayisədə xeyili yüksəkdir. Belə ki, oxşar dərman peraparatlarının Bakıda qiyməti orta hesabla Türkiyə ilə müqayisədə 2, İran ilə müqayisədə 2.5 dəfə yüksəkdir. Bizdə qiymətlər eyni zamanda digər qonşularımız Rusiya və Gürcüstan ilə müqayisədə də yüksək olaraq qalmaqdadır.
Ölkə prezidentinin ötən müşavirədə dərmanların qiymətinin yüksək olduğunu qeyd etməklə, tapşırıqlarını verməsi əslində sözügedən bazarda qiymətlərin tənzimlənməsini vacibliyini bir daha gündəmə gətirmişdi. Praktik olaraq, dərman bazarındakı süni qiymətlərin inzibati tənzimlənməsinə ehtiyac var idi”.
Vüqar Bayramlının sözlərinə görə, qiymətlərin Taarif Şurası tərəfindən tənzimlənməsi əslində dərman bazarında qiymət tavanının müəyyənləşdirilməsidir: “Bu təcrübədən fərqli bazarlar üçün hətta inkişaf etmiş ölkələrdə, o cümlədən sosial deyil, bazar iqtisdiyyatı ilə tənzimlənən ABŞ-da tətbiq edilir. İnzibati tənzimlənmənin müsbət tərəfi ondadır ki, bu bazarda qiymət artımlarının qarşısını alacaq. Bununla yanaşı, qiymət tənzimlənməsində əsas məqsəd eyni zamanda endirimlərə nail olmaqdan ibarət olmalıdır. Bunun üçün qiymətləri tənzimlənən hər bir dərman pereparatının maya dəyərinin aydın şəkildə hesablanması və buna uyğun qiyməti müəyyənləşdirilməsinə ehtiyac var. Tənzimlənən qiymətlər əhalinin alıcılıq qabiliyyətinə uyğun olmaqla yanaşı, iş adamlarının gəlirlilik səviyyəsinə də mənfi təsir göstərməməlidir. Qiymət tənzimlənməsi fonduna bazarda qiymətlərin əlçatanlığına nail olunması üçün həm idxalda rəqabətin gücləndirilməsi, həm də yerli istehsalın genişləndirilməsi olduqca vacibdir. Birinci qrup tədbirlər rəqabət nəticəsində idxal olunan məhsulların qiymətinin azalmasına, ikinci qrup tədbirlər isə idxaldan asılılığın aradan qaldırılması və bazara ucuz məhsulların daxil olmasına səbəb olacaq. Bununla da, inzibatı tənzimlənmə kompleks tədbirlər hesabına istehlakçıların daha ucuz dərmanlar almasına imkan verəcək”.
İnterpress.az