“Oyunlar zolağı”nın çəkilişinə ilk olaraq Ziya Bünyadov prospektindən başlanılır. Bu məqsədlə prospekt axşam saat 22:00-dan etibarən səhər saatlarınadək “Böyükşor” yol qovşağından “20 Yanvar” dairəsinədək nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Sürücülərdən alternativ olaraq Heydər Əliyev prospektinin əsas yolundan istifadə etmələri tövsiyə olunur.
Qeyd edək ki, eni 3,75 metr olan “Oyunlar zolağı”nın kənarlarında 25 santimetr enində sarı xətt və asfalt üzərində isə təyin ediləcək yerlərdə I Avropa Oyunlarının loqotipinin şəkli çəkiləcək.
I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın çəkilişi işlərinin 20 gün müddətində davam etdirilməsi nəzərdə tutulub.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət ediləcək və kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılacaq.
İdmançıları, texniki heyəti və media yayım şirkəti nümayəndələrini “Atletlər” və “Media kəndi”ndən məşqlərə və idman obyektlərinə aparmaq üçün Heydər Əliyev prospekti – Ziya Bünyadov prospekti -“20 Yanvar” dairəsi – 20 Yanvar tuneli – Bakı-Sumqayıt yolundan geriyə (Beynəlxalq Avtovağzal ərazisindən) – Bakı Dairəvi yolu – Bakı-Ələt yolunun 2-14 km hissəsini birləşdirən marşrut, bundan başqa Ziya Bünyadov prospekti – Atatürk prospekti – Tofiq Bəhrəmov adına Respublika stadionu, həmçinin Ziya Bünyadov prospekti – Atatürk prospekti – Vaqif küçəsi – Hənifə Ələsgərov – Cəlil Məmmədquluzadə küçələri – Heydər Əliyev adına İdman Konsert kompleksini birləşdirən marşrutlardan istifadə ediləcək.
İnterpress.az