Deputat Zahid Oruc bildirib ki, Rusiyada milyonlarla azərbaycanlının yaşamasına baxmayaraq, təşkilatlanma işində problemlər, ziddiyyətlər var.
Z. Oruc qeyd edib ki, 2013-cü ildə Rusiyada “Milyarderlər ittifaqı” deyilən bir qurumun yaradılması və fəaliyyətinə xitam verilməsindən sonra azərbaycanlıların diaspor təşkilatları arasında qəribə hallar meydana gəlib: “Biz hər zaman istəmişik ki, bu məkanda Azərbaycan diaspora təşkilatları güclü olsun. Çox təəssüf ki, “Milyarderlər İttifaqı” adlanan təşkilat yaranandan sonra Rusiyadakı Azərbaycan diaspor təşkilatları parçalanmağa və zəifləməyə başlayıb. Orda azərbaycanlıların güclü diaspora təşkilatlarının olması problemlərinin daha üst qurumlara çatdırılmasına kömək etmiş olar. Rusiyada Azərbaycan diaspor təşkilatları nə qədər güclü olarsa, bu bütövlükdə ölkəmiz üçün faydalı olardı”.
Deputat Fazil Mustafa da Rusiyada son vaxtlar diaspor arasında baş verənlərdən narahatlığını bildirib.
F. Mustafa həmçinin Müsavat Partiyasının həbsdə olan sədr müavini Tofiq Yaqublunun əfv olunması üçün də ölkə başçısına müraciət edib. O, T. Yaqublunun qızının dəfnində və yas mərasimində iştirak etmək üçün 7 gün azadlığa buraxılmasının humanist addım olduğunu qeyd edib: “Ölkə prezidentinə onun əfv edilməsi ilə bağlı müraciət edirəm. Həqiqətən də ailə faciəsi yaşanıb. İki il dörd ay həbsdə qalıb, hazırda iki ili qalır. Bu əfv cəmiyyətdə siyasi qüvvələr arasında kin-küdurətin aradan qalxmasına, səmimi münasibətlərin formalaşmasına faydalı olar”.
Deputat İqbal Ağazadə də F. Mustafanın müraciətinə dəstək verib.
İnterpress.az