Bu sözləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində keçirilən qanunsuz “parlament seçkiləri” və bu seçkilərdə “müşahidəçi” kimi iştirak edəcək şəxslərlə bağlı şərhində deyib.
H. Hacıyev bildirib ki, Azərbaycan Respublikası ərazisində siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasını yalnız Azərbaycan Respublikasının Konstitusiyası və qanunları təşkil edir:
“ATƏT-in Minsk Qrupu həmsədrlərinin sülh sazişi üzərində işə başlamaq barədə çağırışlarına məhəl qoymayaraq, Ermənistan tərəfdən “seçki” adı altında atılan bu təxribatçı addım yalnız danışıqlar prosesinə xələl gətirmək və Azərbaycana qarşı işğal və təcavüzü pərdələmək məqsədi daşıyır. Beynəlxalq ictimaiyyət tərəfindən bu qeyri-qanuni “seçkilər” pislənilir, qanunsuz hesab edilir və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dəstək ifadə olunur. ATƏT-in Minsk Qrupu həmsədrlərinin 30 aprel tarixli bəyanatda bu seçkilərin tanınmadığı bir daha vurğulanır. İşğal olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfindən təşkil olunan bu “seçkilərdə” özünü “müşahidəçi” adlandıran bəzi marginal siyasi şəxslərin bu kimi davranışı Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması kimi qiymətləndiriləcək. Özünü “müşahidəçi” elan edən bu şəxslərin fəaliyyəti işğal, təcavüz və Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmənin nəticələrinin təşviqinə xidmət edir. Slovakiya vətəndaşı Frantişek Mikloşkonun halında olduğu kimi, işğal olunmuş ərazilərə qanunsuz səfər edən və Azərbaycan Respublikasının qanunlarını kobud şəkildə pozan bu kimi “müşahidəçi”lərə münasibətdə də cinayət təqibinin başlana biləcəyi istisna deyil. Slovakiya vətəndaşı Frantişek Mikloşko barəsində əməliyyat-istintaq hərəkətləri davam etdirilir və onun barəsində İnterpol vasitəsilə axtarış verilib”.
İnterpress.az