Məlum olduğu kimi, ictimai nəqliyyatda ilk kartlı ödənişə keçid Bakı metropolitenində tətbiq edilib.
Nəqliyyat Nazirliyindən verilən açıqlamaya görə, artıq avtobuslarda da gediş haqqının nağd ödənişi ləğv olunmaq üzrədir. Lakin hər nəqliyyat vasitəsi üçün ayrı-ayrı kartların tətbiqi vətəndaşlarda narahatlıq yarada biləcəyindən, ictimai nəqliyyatda vahid kart sistemindən istifadə prosesi başlayıb.
Artıq Bakı Metropoliteninin bir neçə stansiyasında gediş haqqını yükləmək üçün “BakıKART” aparatları quraşdırılıb. Yeni kartlar ilkin mərhələdə hazırda istismarda olan kartlarla yanaşı istifadə olunacaq. Sonrakı mərhələdə isə köhnə kartlar vətəndaşlardan təhvil alınacaq. Onu da qeyd edək ki, bu aparat yalnız metroya deyil, eyni zamanda “Baku Bus” MMC-ə məxsus avtobuslara gediş haqqı yükləmək üçün də nəzərdə tutulub. Bu səbəbdən də aparatlar eyni zamanda “Baku Bus”ın dayanacaqlarında quraşdırılacaq.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a açıqlamasında vahid karta keçidlə bağlı hazırlıq getdiyini bildirib: “Məsələ hazırlıq mərhələsində olduğundan ətraflı məlumat verə bilmirik. Çünki hər şey dəqiqləşməyib”.
“Vahid kart sisteminə nə vaxt keçiləcək”, “Köhnə metro kartlarının aqibəti necə olacaq” suallarına cavab olaraq metropoliten rəsmisi deyib ki, hər şey hazır olan kimi ictimaiyyətə geniş açıqlama veriləcək.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov da saytımıza vahid kart sisteminə keçilməsi üçün hazırlıq başlandığını bildirib.
İnterpress.az