Təhsil naziri Mikayıl Cabbarov Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə şagirdlər arasında təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışında deyib ki, ölkənin bir sıra məktəblərində bu ilin sentyabr ayından yuxarı siniflərdə təmayülləşmənin tətbiqi planlaşdırılır. Onun sözlərinə görə, onlarla Azərbaycan məktəbində bu tətbiq ediləcək: “Hazırda hazırlıq işləri görülür. Bu, istedadlı gənclərə keyfiyyətli təhsilin çatdırılmasında zəruri amildir”.
Təhsil naziri əlavə edib ki, Bakının 2 məktəbində ilk dəfə olaraq inklüziv təhsilin tətbiqinə başlanacaq. O bildirib ki, bu gün 10 minlərlə fiziki qüsurlara malik olan uşaq təhsildən kənardadır: “Bu ildən Təhsil Nazirliyi tərəfindən atılan addım ona yönəlib ki, bütün belə uşaqlar gələcəkdə inklüziv təhsillə əhatə olunsun və dövlət başçısı tərəfindən verilən tapşırıqlara uyğun olaraq vətəndaşların hər birinin təhsil hüququ təmin edilsin”.
M.Cabbarov qeyd edib ki, bu ildən I siniflərə şagirdlərinin qəbulu elektron formada həyata keçirilir. Onun fikrincə, bu da mühüm yeniliklərdən biridir: “Bu il başa çatan, lakin gələcək üçün əhəmiyyətli olan layihə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramı” da xüsusi əhəmiyyətə malikdir. Bu dövlət proqramı çərçivəsində 3 184 nəfər xaricdə təhsil almaq üçün dünyanın müxtəlif ölkələrinə göndərilib. 2015-ci ildə bu proqramın son ilidir. ”Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası”na uyğun olaraq yeni proqram layihəsi hazırlanaraq hökumətə təqdim edilib. Yeni proqramda bakalavriatdan sonrakı təhsil pilləsinə üstünlük veriləcək. Bundan əlavə, proqram Azərbaycan gənclərinin xarici ali məktəblərə göndərməklə yanaşı xarici mütəxəssislərin də ölkəyə gətirilməsini özündə ehtiva edir”.
İnterpress.az