Adil Hüseynov hazırda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır.
Kamandar Nəsibov bildirib ki, onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi ittiham elan olunub: \”Onun evində axtarış aparıblar, lakin barəsində hələ ki, həbs qətimkan tədbiri seçilməyib. Adil Hüseynovun saxlanmasına səbəb Dubayda xarici şirkətlərdən birinin meneceri olmasıdır. Həmin şirkət bankdan kredit götürüb və qaytarmayıb. Ona görə Adil Hüseynovu da saxlayıblar\”.
Vəkili A. Hüseynovun Beynəlxalq Bankın Dubay filialının rəhbəri olması barədə məlumatsız olduğunu da deyib.
K. Nəsibov A. Hüseynovun aeroportda saxlanması barədə yayılan məlumatların əsassız olduğunu da bildirib.
Qeyd edək ki, A. Hüseynov mərhum polis polkovniki Fətulla Hüseynovun oğludur. F. Hüseynov Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili, hazırda ömürlük həbsdə olan Hacı Məmmədovun dəstəsi tərəfindən öldürülüb.
***
Adil Hüseynovun vəkili Kamandar Nəsibov faktı İnterpress.az-a təsdiqləyib. Vəkil bildirib ki, Adil Hüseynov artıq 2 gündür ki, DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (“bandotdel”)də saxlanılır: “Adil Hüseynovu qanunsuz olaraq 2 gündür ki, orda saxlayırlar. Vəkili olaraq mənim onunla görüş haqqım var, ancaq görüşə imkan verilmir. Mənzilində axtarış aparanda mənə xanımı zəng etdi. Mən gedəndə artıq axtarış başlamışdı. Mənzildən qızıl zinət əşyaları və sənədlər götürülüb. Bununla bağlı baş prokurora, “bandotdel”in rəisinə müraciət etmişəm”.
Elnarə Əlosmanqızı
İnterpress.az