İnterpress.az xəbər verir ki, gənc qadın nikahda olduqları müddətdə daim həyat yoldaşının ona qarşı zorakılıq etdiyini, döydüyünü və hətta bədənində siqaret söndürdüyünü iddia edib. Mehriban Quliyevanın sözlərinə görə, 2005-ci ildə nikaha daxil olub və iki övladı dünyaya gəlib: “Çətinliklə də olsa yaşayırdıq. Ancaq 10 il ailə qurmasına baxmayaraq övladı olmayan baldızıma vermək üçün övladlarımdan birini məndən istədilər. Bununla razılaşmadım və döyülərək evdən qovuldum. 1 gün sonra uşaqları gətirib atamgilin evinin qapısına buraxdılar. Boşanmağa qərar verdik. Ötən il sentyabrın 11-də atası uşaqlara məktəb paltarı almaq üçün 2 saatlığa onları aparmaq istədiyini bildirdi. Öz əlimlə uşaqlarımı verdim və o gündən bəri onlarla görüşməyimə icazə vermirlər. Sentyabrın 15-də dərs başlayanda uşaqların oxuduğu 113 saylı məktəbə getdim. Uşaqlar dərsə gəlməmişdi. Daha sonralar da dəfələrlə getdim, direktordan uşaqlarla maraqlanmağı xahiş etdim. Bir ay israr etdikdən sonra uşaqların dərsə göndərilməsinə nail oldum. Amma məni məktəbdə də uşaqların yanına buraxmadılar. Onlarla görüşə bilmədim”.
Boşanmaq və uşaqların onun himayəsinə verilməsylə bağlı Sabunçu rayon Məhkəməsinə müraciət etdiyini deyən Mehriban Quliyeva bildirib ki, məsələ ilə bağlı dəfələrlə rayon icra hakimiyyətinin qəyyumluq şöbəsində əməkdaşlarla görüşüb: “Dəfələrlə gəlib indi yaşadığım evin şəraiti ilə tanış oldular, uşaqların yaşayışı üçün əlverişli olub-olmadığını müəyyənləşdirdilər. Sonradan bildirildi ki, uşaqlar ekspert yanında dindiriləcək. Ancaq öyrəndik ki, uşaqlar dindirildikləri zaman ataları da yanında olub. Bu isə qanunsuzdur. Bilirəm ki, uşaqlardan birini baldızıma vermək üçün məndən almağa çalışırlar”.
Elnarə
İnterpress.az