İnterpress.az-a daxil olan bəyanatda deyilir:
Müsavat Partiyasının 12 may 2015-ci il tarixdən “Siyasi məhbuslara azadlıq!” tələbi ilə keçirdiyi aclıq aksiyası mayın 16-da bir günlük aclıq aksiyasına bir günlük ümumrespublika dəstək kampaniyası ilə davam etdirildi. 7 gün davam edən aclıq aksiyası 18 may 2015-ci il tarixdə Müsavat Partiyası Divanının qərarı ilə dayandırılıb.
Müsavat Partiyası “Siyasi məhbuslara azadlıq!” tələbilə keçirdiyi bu aclıq aksiyası ilə siyasi məhbus probleminin həllinin Müsavat Partiyası üçün nə qədər önəmli olduğunu bir daha yerli və beynəlxalq ictimaiyyətin, eyni zamanda, Azərbaycan hakimiyyətinin diqqətinə çatdırıb.
Beynəlxalq ictimaiyyətin, nüfuzlu insan haqları təşkilatlarının Azərbaycanda siyasi məhbus probleminin ağırlaşması haqda kəskin, silsilə hesabatları, Avropa Birliyinin “Azərbaycan keçiriləcək Birinci Avropa Oyunlarına qədər bütün siyasi məhbusların azad edilsin” şəkilində qəti mövqeyi siyasi məhbus probleminin Azərbaycan dövlətinin beynəlxalq imicinə zərbə vurduğunu, ölkənin milli təhlükəsizliyinə təhdid yaratdığını təsdiq edir.
Müsavat Partiyası bütün qeyd olunanlara əsasən Azərbaycan hakimiyyətini dövlət maraqlarını nəzərə almağa, üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə, 28 may – Respublika gününə qədər bütün siyasi məhbusların azad olunması üçün müvafiq addımlar atmağa çağırır.
İnterpress.az