Elmira Süleymanova Dövlət Sərhəd Xidmətinin Görədil qəsəbəsindəki “Sərhədçi” istirahət mərkəzinə gedərək, orada kotteclərdə yerləşdirilmiş ailələrlə görüşüb. Müvəkkili Binəqədi rayonu İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva və rayon bələdiyyəsinin sədri Sitarə Cabbarlı müşayiət edib.
Qeyd edək ki, bu mərkəzdə səkkiz ailə üçotaqlı doqquz kottecdə yerləşdirilib. E.Süleymanova həmin ailələrin üzvləri ilə görüşüb onların ehtiyaclarının, problemlərinin həllində səlahiyyətləri çərçivəsində yardım göstərməyə hazır olduğunu bildirib.
Müvəkkil kotteclərə və yeməkxanaya baxış keçirib. Zərərçəkmiş ailələrin üzvləri onlara vaxtında keyfiyyətli qida verildiyini, 24 saat ərzində tibb xidməti ilə təmin olunduqlarını bildiriblər. Ombudsman məktəblilərə qısa zamanda zəruri dərs vəsaiti verilməsini, habelə psixoloq dəstəyinin vacibliyini vurğulayıb.
Dövlət Sərhəd Xidmətinin Mənəvi psixoloji hazırlıq idarəsinin rəisi, həkim-psixoloq Vəli Nağıyev Ombudsmana yanğın zamanı ağır stress və həyəcan keçirmiş insanların vəziyyətinin, sağlıq durumunun diqqətdə saxlanıldığını, onlara zəruri tibbi-psixoloji məsləhətlər verildiyini bildirib.
E.Süleymanova müəssisənin rəhbərliyinə burada yerləşdirilmiş ailələrlə bağlı müvafiq tövsiyələr verib.
“Sərhədçi” istirahət mərkəzində yerləşdirilən ailələrə Dövlət Sərhəd Xidməti tərəfindən də əlavə maddi yardım göstərilib.
Müvəkkil həmçinin yanan binanın sakinlərinin müvəqqəti yaşayış yeri ilə təmin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) yerlər ayırdığı Bilgəhdəki Müharibə və Əmək Əlilləri üçün pansionatına Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini və Bilgəh qəsəbə nümayəndəsi ilə birlikdə baş çəkib. Həmin pansionatda bu ailələr üçün iki kottec və 18 otaq hazırlanıb. E. Süleymanova burada ailələr üçün ayrılmış yerlərə baxıb.
E. Süleymanova həmçinin yanğın zamanı bir ailədən həlak olmuş Zülfiyyə Şirinova və onun övladları Ülkər və Davud Eyvazovların yas mərasimində iştirak edib.
İnterpress.az