Bankın yaydığı məlumatda qeyd olunur ki, son günlər bir sıra informasiya resursları tərəfindən \”Bank Technique\” ASC barəsində yanlış və həqiqəti əks etdirməyən məlumatlar yayılıb.
“Bankın adı KİV nümayəndələri tərəfindən “kütləvi həbslər” və “kredit qalmaqalı” adlandırılan yazılarda qərəzli şəkildə hallanır. Bununla bağlı Bank rəsmi şəkildə birmənalı bəyan edir ki, yayılmış məlumatlar yalandır və Bankın heç bir rəhbər işçisi, sıravi əməkdaşı bu və ya digər səpkidə hüquq-mühafizə orqanları tərəfindən dindirilməyib, saxlanılmayıb və həbs edilməyib.
Bank bu növ qərəzli məlumatların yayılmasını pisləyir, imicinə xələl gətirməklə, ictimaiyyətdə mənfi fikirlərin formalaşdırılmasının mümkünlüyünü nəzərə alaraq, qanun çərçivəsində addım atacağını bildirir. Bank həmin KİV nümayəndələrinə yazıları dərc edərkən peşəkarlıq səviyyələrini qorumağı, KİV haqqında qanunun müddəalarına riayət etməyi tövsiyə edir və bankın mətbuat üçün daim açıq və şəffaf olduğunu diqqətə çatdırır”, – deyə bankın məlumatında qeyd edilir.
İnterpress.az