Məsələ ilə bağlı Milli Şuranın sədri və qurumun Qarabağ komissiyasının rəhbəri Cəmil Həsənli Modern.az saytına açıqlama verib.
O bildirib ki, Şuraya daxil olan komissiyalar yüksək səviyyədə olmasa da, çalışır:
“Mən Qarabağ komissiyasının sədri olaraq 19-cu əsrin əvvəlindən başlamış Qarabağ muxtariyyəti 1923-cü ildə elan olunana qədərki dövrlə bağlı 3 böyük yazı hazırlamışam. Həmin yazılar Azərbaycan, ingilis və rus dillərində çıxıb. Hazırda ondan sonrakı dövr ilə də bağlı işləyirəm. Əgər ayrı dövlət qurumu bunu edibsə buyurub qoysun ortalığa”.
Cəmil Həsənli deyib ki, Milli Şuranın ofisi ilə bağlı problem var:
“Hökumət ofis icarəyə götürməyimizə və normal fəaliyyət göstərməyimizə imkan vermir. Yeri icarəyə vermək istəyənlər bilirlər ki, onlara təzyiqlər olacaq”. Qurum rəhbəri bildirib ki, hazırda seçki ilə bağlı müzakirələrə hazırlaşırlar:
“Şuranın Hüquq komissiyasının sədri Vidadi Mirkamal həmin müzakirəni aparacaq. Bir müddət əvvəl Xarici siyasət komissiyasının sədri Gültəkin Hacıbəylinin avrointeqrasiya ilə bağlı hazırladığı geniş dinləməni keçirdik. Siyasi məhbuslarla bağlı komissiyanın rəhbəri Leyla Yunus həbsdədir. Amma mayın 19-da komissiyanın digər üzvlərinin təşkilatçılığı ilə siyasi məhbus problemini müzakirə elədik”.
Parlament seçkisində namizədliyini irəli sürüb-sürməyəcəyi məsələsinə münasibət bildirən Cəmil Həsənli qeyd edib ki, Milli Şura bu haqda qərar çıxardıqdan sonra açıqlama veriləcək.
İnterpress.az