Dəyərli soydaşlar!
Azərbaycan adlı Vətənin sevgisini və məsuliyyətini öz içində daşıyan hər bir insanı bu açılan gözəl yaz günündə 28 may İstiqlal Günümüz, Bayramımız münasibəti ilə təbrik edirəm. Hər ilin bu günü ilk düşündüyüm bu olur: bizdən daha da əzmkar sayılabilən onlarla xalqın təmsilçisi illərlə istiqlal üçün savaş aparır, şəhidlər verir, ancaq bunu əldə edə bilmir. Biz də beynimizin mühakiməsinin mədəmizin diqtəsinə tabe etdirmədən, hər an şükür etməliyik ki, Allah bu nemətini də bizdən əsirgəməyib. Əlbəttə, daha yaxşı, rifah içində yaşamaq olar, çatışmamazlıqlarımız da kifayət qədərdir, itkilərimiz də böyükdür. Ancaq unutmayaq ki, hər bir millət, cəmiyyət ümumilikdə çalışdığı qədər qazanmağa məhkumdur. Tez-tez təkrarladığım bir cümlə var: Nəyi axtardığını bilməyənlər, tapdığını qiymətləndirə bilməz! Azadlığı, Şəxsiyyət olmağı arzulayan, axtaran bir insan üçün bu tarix əvəzolunmaz bir dəyərdir. Bir millət üçün də bu belədir. Nəyi axtardığını bilənlər bu dəyəri qorumaq üçün daha fədakar olurlar. Allah hər birimizə bu fədakarlığı nəsib etsin!