Yanmış bina ilə bağlı təzminat tələb edilə bilərmi? – AÇIQLAMAbackend

Yanmış bina ilə bağlı təzminat tələb edilə bilərmi? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Modern.az saytına sakinlər özləri məlumat veriblər. Artıq bununla bağlı bir sıra deputat müraciət edən sakinlər onlara dəyən ziyanla bağlı həm yanğın baş verən binaları üzləyən şirkətlərdən, həm də yaşadıqları Binəqədi və Xətai rayon icra hakimiyyətlərindən təzminat tələb edəcəklər.

Modern.az saytı məsələyə aydınlıq gətirilməsi üçün həm deputat, həm də hüquqşünasın mövqeyini öyrənib.

Deputat Zahid Oruc bildirib ki, Binəqədi hadisəsində ölkə rəhbərliyi hər bir ailəyə yardım göstərilməsi ilə bağlı qərar verib: “Bizdə olan məlumata görə, onların böyük əksəriyyəti həmin vəsaitləri artıq alıblar. Hazırda nəinki maddi yardım göstərilməsi, eləcə də onlara dəyən ziyanın tamamilə ödənilməsi yönündə işlər görülür. Bununla bərabər nəzərə almaq lazımdır ki, Xətaidəki hadisə bir qədər fərqli idi. Oradakı yanğın zamanı mənzillərə böyük miqdarda ziyan dəyməyib, əsasən binanın üzlük hissəsində fəsadlar törədib. Buna baxmayaraq, yenə də binanın tamamilə bərpası, həmçinin insanların bu və ya digər formada avadanlıqlarına, əşyalarına dəyən ziyanın ödənilməsi ilə bağlı da işlər həyata keçirilir”.

Zahid Oruc Azərbaycandakı mənzil-kommunal sistemində ciddi problemlərin olduğunu da diqqətə çatdırıb: “Biz etiraf eləməliyik ki, mənzil-kommunal sistemində böyük islahatlara ehtiyac var, yəni binaların idarəçiliyi, hansı balansda olması, təyinatı, bina sahibləri ilə müqavilələr bağlanması, öhdəliklər məsələsində xeyli məsələlər həll olunmamış qalır.

Söhbət tikinti işlərini icra edən qurumlardan gedirsə, həyata keçirilən ödənişlərdən sonra məsələnin məhkəmə tərəfindən nə dərəcədə müsbət həll oluna biləcəyinə diqqət etmək lazımdır. Bunu təyin eləmək çox çətindir. Əlbəttə, insan itkilərini heç nə ilə əvəz etmək mümkün deyil. Azərbaycan insanının hamısı mənən bu acıya ağrıdı. Bununla bərabər vətəndaşların hər hansı bir yöndə mənəvi ziyanın ödənməsi üçün hansısa addımları ola bilər. Bu hüquqi prosesdir”.

Hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında bildirib ki, tikinti aparılarkən şirkət üzlüklərin keyfiyyətini, tikintiyə yararlılığını hərtərəfli yoxlamalı və daha sonra tətbiqi prosesinə başlamalı idi. Nəzəri baxımdan tikinti aparan şirkəti təzminat ödəməsi üçün məhkəməyə vermək mümkündür. Amma bir sıra məqamlara diqqət etmək lazımdır. Əvvəlcə müəyyən edilməlidir ki, tikinti şirkəti həm sifarişçi, həm də icarçıdırmı? Yoxsa, yalnız icraçıdırmı, yəni sifarişi verən başqasıdırmı? Bunun üçün müqavilənin şərtlərinə baxmaq lazımdır. Şirkət yalnız icraçıdırsa, o məsuliyyət daşımır, çünki avadanlığın tərkibi ilə bağlı məlumatsız ola bilər. Lakin artıq məlumdur ki, istifadə olunan material keyfiyyətsiz olub. Məsələdə vacib amillərdən biri də nə qədər sübut təqdim edilməsidir. İlkin prosesdə bir qayda olaraq dəyən ziyanla bağlı məsələlərdə bütün sübute tmə vəzifəsi tərəflərin üzərinə düşür”.

Ekspert vətəndaşların müraciətini tamamilə haqlı sayır: “Vətəndaşlar tamamilə haqlıdır. Bizdə qəribə bir tendensiya var. Tikinti şirkətləri hesab edir ki, mən tikintini başa çatdırmaqla məsuliyyətini də başa çatdırır. İstənilən tikinti aparan təşkilat bütövlükdə sonrakı gedişdə də məsuliyyət daşıyır. Ümumiyyətlə, vətəndaşlarımızın məsuliyyətsizliyi də çoxdur. Bir çox hallarda evlər alqı-satqı aparılmadan alınır. Sadəcə olaraq, verilən arayışla məsələ tamamlanmış hesab olunur. Eyni zamanda, tikintinin tam başa çatmasını gözləmədən həmin binalara köçməyə başlayırlar. Düşünmək lazımdır ki, bu gələcəkdə təhlükə mənbəyi ola bilər. Bir müştəri tikintinin keyfiyyətinin yoxlanması ilə bağlı məsələni də diqqətdə saxlamalıdır. Müqavilə şərtlərinə bununla bağlı məsələnin daxil edilməsinə çalışmalıdır. Alqı-satqı müqaviləsi hər şeydən əvvəl tərəflərin müqavilə azadlığı prinsipinə uyğun olmalıdır. Yəni tərəflər hüquq və vəzifələrini qarşılıqlı olaraq həmin müqaviləyə daxil edə bilər. Azərbaycan qanunvericiliyində, Mülki Məcəllədə bununla bağlı geniş imkanlar nəzərdə tutulur”.

İnterpress.az