2013-cü ilin oktyabr ayında əfv edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev Almaniyadan sığınacaq alıb. Bu sensasion məlumatı redaksiyamıza verən mənbənin sözlərinə görə, Əliyev qardaşları ən azı 5 il Azərbaycana qayıda bilməyəcəklər.
F.Əliyev 2001-ci ildə iqtisadi inkişaf naziri təyin olunmuşdu. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində onu öz xidməti kabinetində həbs etmişdilər. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Rafiq Əliyev də 2005-ci ildə həbs olunmuşdu və məhkəmə onu 9 il azadlıqdan məhrum etmişdi.
Azadlığa buraxıldıqdan sonra Əliyev qardaşlarının həbsdən əvvəl sahib olduqları bəzi biznes obyektlərinin onlara geri qaytarılması ilə bağlı xəbərlər yayılsa da, əks proses baş verdi. Belə ki, qardaşlar Bakıdakı biznes obyektlərində olan paylarını da satdılar. Məsələn, R.Əliyev “Bank of Baku” ASC-də ona məxsus iki səhm paketini satdı.
F.Əliyevin həbsdən buraxıldıqdan sonra ölkəni tərk edəcəyi barədə xəbərlər yeni deyildi. Çünki hakimiyyətlə belə bir anlaşma da olmuşdu ki, sabiq nazir və qardaşı əfv edildikdən sonra xaricdə yaşayacaqlar. Üstəlik, belə bir anlaşma da vardı ki, milyarder statusunu həbsdə də itirməyən, xaricdə də xeyli əmlak sahibi olan Əliyevlər heç bir siyasi fəallıq göstərməyəcəklər, susacaqlar.
Redaksiyamıza məlumat verən mənbənin dediyinə görə, sığınacağı Almaniyadan almalarına baxmayaraq, hazırda Əliyev qardaşları bu ölkədə yaşamırlar. Bəzi mənbələr iddia edir ki, Fərhad və Rafiq Əliyevlər İngiltərədə yaşayırlar. Bəzi mənbələr isə onların hazırda İsveçrədə məskunlaşdıqlarını iddia edirlər. Sabiq nazirin yaxın adamları da bir neçə ay əvvəl mətbuatda verdiyi açıqlamada F.Əliyevin Almaniyada müalicə olunduğunu təsdiqləmişdilər.
Mənbənin iddiasına görə, Fərhad Əliyev Almaniyada deyil, İngiltərəyə köçərək orada ailəsi ilə birlikdə yaşayır. Qeyd edək ki, sabiq nazirin oğlu Böyük Britaniyada təhsil alır. Fərhad Əliyevin həyat yoldaşı da uzun illərdir ki, Londonda oğlunun yanında yaşayır. Bu ölkənin qanunlarına görə, evi olan şəxsin İngiltərədə yaşaması üçün sığınacaq, xüsusən də siyasi sığınacaq almasına zərurət görülmür.
Ümumiyyətlə, dünyanın dörd bir tərəfindən olan zəngin siyasi mühacirlər adətən hansısa Avropa ölkəsindən sığınacaq alır, lakin daimi yaşama yeri kimi başqa ölkəni seçə bilirlər. Məsələn, Rusiya prezidentinin uzun illər həbsdə saxladığı məşhur YUKOS şirkətinin prezidenti Mixail Xodorkovski əfv edildikdən sonra Almaniyadan siyasi sığınacaq almasına baxmayaraq, İsveçrənin Sürix şəhərində, özünə məxsus olan villada yaşayır.
Əllərində böyük vəsait olan Fərhad və Rafiq Əliyevlərin də Avropanın ən müxtəlif şəhərlərində biznes qurumları, çoxsaylı tərpənməz əmlakları var. Onlar üçün ev, iş qurmaq problem deyil. Problem budur ki, Azərbaycan iqtidarı ilə gizli anlaşmalarına baxmayaraq, Əliyevlər yenə də “siyasətə” qoşulublar.
Qaynağımız iddia edib ki, onlar üzdə sakit və fəaliyyətsiz görünsələr də, Milli Şuranın sədri, uzun illər Fərhad Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin sədri olmuş Cəmil Həsənli ilə bu və başqa formada əlaqələrini davam etdirirlər. Mənbə deyib ki, Fərhad Əliyev 2013-cü ildə, həbsdən çıxan ərəfədə Cəmil Həsənliyə qarşı “sayğısızlığını” bir növ kompensasiya da edib. Xatırladaq ki, 2013-cü ilin avqustunda Fərhad Əliyev oktyabr seçkilərində prezident İlham Əliyevi dəstəkləyəcəyi ilə bağlı bəyanat vermişdi. Sabiq nazir avqustun 24-də yaydığı müraciətdə Cəmil Həsənli haqda “həmyerlim, uzaq qohumum və eyni zamanda hüquqlarımı müdafiə komitəsinin sədri” ifadələrini işlətsə də, “prezident seçkisində yaxından tanıdığım, uzun illər birgə çalışdığım, səriştəsinə, bilik və bacarığına yaxından bələd olduğum, Azərbaycanın iqtisadi dirçəlişini təmin edən, dünyaya tanıdan, uzaqgörən siyasəti ilə beynəlxalq nüfuza malik olan cənab İlham Əliyevə səs verəcəyəm” bəyanatı vermişdi.
Üstəlik, sabiq nazir inandığını bildirmişdi ki, “yaxınları da onunla eyni mövqedədir”.
Mənbəmiz iddia edir ki, C.Həsənli ilə F.Əliyevin münasibətləri hələ nazir olarkən yaranıb.\”Fərhad Əliyev ola bilsin ki, hakimiyyətin razılığı ilə AXCP-nin Əli Kərimli qanadını Əbülfəz Elçibəyə qarşı maliyyələşdirirdi. Bu işdə əlaqələndirici rolunda isə Cəmil Həsənli dayanırdı\” deyə, mənbəmiz qeyd edib.
Xəbərlərə görə, Milli Şura sədri ilə indiki əlaqələrin deşifrə olunması Azərbaycan hakimiyyətini qəzəbləndirə bilər. Çünki indi iqtidar üçün həssas dönəmdir və bir neçə ay sonra ölkədə parlament seçkiləri keçiriləcək. Doğrudur, hakimiyyətin artıq Əliyevləri cəzalandırmaq mexanizmi demək olar ki, yoxdur. Amma bu heç də o demək deyil ki, hakimiyyət əks addımlar atmayacaq.
Yazıda adları çəkilən hər kəsin fikirlərini dərc etməyə hazırıq. (musavat.com)