Yanan binada kompensasiya qalmaqalıbackend

Yanan binada kompensasiya qalmaqalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

– Piano var?
– Var.
– Yorğan-döşək?
– O da qalıb.
– Bəs xalça?
– 3 xalçam vardı…

Binəqədi rayonu ərazisində yanğın baş verən binanın həyətində dünən bu və buna bənzər dialoqlar yaşanırdı. Səbəb isə çox sadə idi: təhvil-təslim prosesi gedirdi. Yanmış binanın əksər sakinləri evlərindən götürmədikləri, daha doğrusu, götürə bilmədikləri, imtina etdikləri əşyaların siyahısını müvafiq idarə əməkdaşı ilə birgə siyahıya yazdırırdı. Sakinlərdən Afət Əliyeva müxbirimizlə söhbətində bildirdi ki, onlar Goradildə yerləşən pansionata köçüblər və durumlarından da razıdılar: “Orda şərait çox yaxşıdır. Dənizin qırağıdır. Bizə də yaxşı münasibət göstərirlər”.

Müsahibimiz hadisə baş verən günü dəhşətlə xatırlayır: “13-cü mərtəbədə yaşayıram. Yanğın zamanı o dünyanı görüb gəldim. Lifti çağırdım, amma bilirdim ki, gəlməyəcək. Oturdum pilləkənin üstündə, əlimi açıb, kəlmeyi-şəhadətimi oxumağa başladım. Birdən qəfil lift gəldi, düşdüm aşağı. Qonşunun uşağını da xilas etdim”.

Sözügedən binada yaşayan Zəmanət Daşdəmirov isə kompensasiya məsələsi ilə bağlı problem yaşadığını dedi. 10-cu mərtəbədə yaşayan Zəmanət bəy binanın altında internet klubu işlətdiyini, yanğın zamanı klubun və içindəki ləvazimatların sıradan çıxdığını dedi: “10 min manat kreditim var. Bakı Şəhər İcra Hakimiyyəti deyir ki, kluba görə heç bir kompensasiya ödənməyəcək. Axı bu ərazi də yanğından ziyan görüb. Necə belə ikili standartla yanaşmaq olar?”

Zərərçəkən sakin bildirdi ki, piano və mebeli yaşadığı evdə qalıb. Digər əşyalarının əksəriyyəti isə yanğından zərər çəkib: “Əşyalara görə kompensasiya vermirlər. İlkin olaraq 1000 manat pul aldıq. Amma hələ bizə çatası 20.000 manatı ala bilməmişik. Çünki ev bizim adımıza deyil, etibarnaməni təqdim etmək lazımdır”.

6-cı mərtəbədə yaşayan Səriyyə Xəlilova da evində salamat əşyaların demək olar ki, qalmadığını dedi. Onun sözlərinə görə, 2 otaq və mətbəxi əşyalarla birgə tamam sıradan çıxıb. Bundan başqa, evdə qızları üçün yığıb saxladığı cehizlik əşyalar da yararsız haldadır: “Bir neçə saniyə içində 3 otağımız yandı. Bir-iki üst paltarı çıxara bilmişik. İndi onları yuyub-yuyub geyinirik”.

Müsahibimiz ilkin 1000 manatlıq kompensasiya və 20000 manatı artıq aldıqlarını dedi. İndi isə Goradildəki sanatoriyada məskunlaşıblar: “Bizə münasibət yaxşıdır. Mən şikayət edə bilmərəm. Görürsən ki, adam qonaq gedir, iki gündən sonra narahatlıq yaranır. Amma burda şərait də, bizə qarşı münasibət də yaxşıdır. O gün pansionatın böyüyü gəldi və dedi ki, mən bura sizin qardaşınız olaraq gəlmişəm. Bizim adımızdan mətbuatda yalan bəyanatlar yayılır. Gah yazırlar ki, kimsə şikayət edib, kimsə narazıdır-filan. Əslində elə bir şey yoxdur”.

S.Xəlilova dedi ki, 5-6 aya evlərinin təmirinin yekunlaşacağı bildirilib.

Amma binanın kirayənişin sakinlərinin problemi ev sahibləri ilədir. Binanın yanında olarkən onlardan biri müxbirimizə bu barədə danışdı. Məmmədova İlhamə binanın 13-cü mərtəbəsində 2 ildir ki, kirayənişin kimi yaşayır: “O yanğın günü bizim ailə nələr yaşadı, bir Allah bilir. Amma indi ev yiyəsi bizə düşən kompensasiyanı vermək istəmir. İlkin 1000 manatlıq kompensasiyanı güclə də olsa ala bildik. Daha sonra ev sahibimizlə 20.000 manat məbləğindəki kompensasiya məsələsində razılaşdıq. Qərara gəldik ki, pulun 8 mini bizə, 12 mini onlara çatacaq. Bununla bağlı notariusda da razılaşdıq, sənəd imzaladıq. Bu gün gedib pulu almalıydıq. Ev sahibimiz sözündən dönüb. Deyir ki, 5 min manat bəsinizdir, bu ev mənimdir, kompensasiyanın böyük qismi də mənə çatmalıdır. Halbuki o yanğından əzabı da biz yaşadıq, ölüm qorxusunu da. Bundan başqa, əksər əşyalarımız, məişət texnikamız da sıradan çıxıb. Ev sahibi gəlib və bəzi əşyalarını evdən çıxara bilib”.

Müsahibimiz dedi ki, ev sahibi Rusiyada yaşayır və hadisəni eşidən kimi ölkəyə gəlib: “O yanğında mənim 21 yaşlı qızım içəridə qalmışdı. Uşağı hələ də o xəstəxanadan bu xəstəxanaya aparıb gətiririk. Psixoloqların, həkimlərin yanından çıxmırıq. Elə bilirlər asandır o yanğından sağ çıxmaq?” (musavat.com)

İnterpress.az