TQDK sədri Məleykə Abbaszadə bildirib ki, buraxılış imtahanları təsdiq olunmuş qrafikə uyğun olaraq 2, 6, 11, 16 iyun tarixlərində aparılacaq.
Bu imtahanlarda respublika üzrə 88 min 151 nəfər XI sinif , 107 min 236 nəfər isə IX sinif şagirdinin iştirakı gözlənilir. Eyni gündə saat 10:00-da buraxılış sinfinin IX, saat 15:00-da isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər. Komissiya tərəfindən bu imtahanlara hazırlıq istiqamətində kompleks tədbirlər həyata keçirilib. İmtahan mərkəzlərinin müəyyənləşdirilməsi, respublikanın bütün bölgələri üzrə imtahan rəhbərləri və zal nəzarətçiləri ilə treninqlərin aparılması, “Şagird-məzun” elektron məlumat bazasına buraxılış sinfi şagirdləri haqqında məlumatların daxil edilməsi, yoxlanması, “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikumları)”na uyğun olaraq, testlər bankının zənginləşdirilməsi, eləcə də müxtəlif təşkilati və metodiki işlərlə bağlı genişmiqyaslı hazırlıq işləri tamamlanmaq üzrədir.
İmtahanlar şəhər, rayon, qəsəbə və kənd yaşayış məntəqələrində ümumilikdə 273 imtahan mərkəzində aparılacaq. İmtahan mərkəzləri formalaşdırılarkən şagirdlərin rahatlığını təmin etmək məqsədilə yaşadıqları ərazi üzrə yalnız şəhər və ya rayon mərkəzi deyil, kənd məktəblərinin yerləşdiyi binalardan da istifadə olunub. Bundan başqa, imtahan mərkəzindən 5 km və daha uzaqda yaşayan şagirdlərin imtahan mərkəzlərinə rahat şəkildə çatdırılması məqsədilə pulsuz avtobus xidmətləri təşkil olunub. Şagirdlərin imtahan başa çatdıqdan sonra yaşadıqları məntəqəyə qaytarılmaları da həmin avtobuslarla təmin olunacaq.
Qeyd edək ki, TQDK-nın Kollegiyasının 14.01.2015-ci il tarixli qərarlarına əsasən, ali təhsil müəssisələrinin V ixtisas qrupu və tam orta təhsil (11 illik) bazasında kolleclərə qəbul cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə əsasən həyata keçiriləcək. 2014-cü ildən isə ümumi (9 illik) təhsil bazasında kolleclərə qəbul həmin ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə əsasən aparılır.
Xatırladaq ki, buraxılış imtahanının qaydalarına görə 2015-ci ildən tam orta (11-illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün – Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün – rus dili fənni), riyaziyyat və xarici dil fənləri üzrə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Xarici dil fənni tədris edilməyən təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. Tam orta təhsil səviyyəsi üzrə imtahanın müddəti 2 saat 45 dəqiqədir. Test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.
Ümumi orta (9 illik) təhsil bazasında buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün – Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün – rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.
İnterpress.az