Vətəndaş Həmrəylik Partiyasının Mətbuat və İnformasiya Xidmətindən daxil olan xəbərə görə Milli Məclisin mayın 29-da keçirilən islasında partiya sədri, millət vəkili Sabir Rüstəmxanlının M. Rəsulzadənin büstü haqqındakı qaldırdığı məsələ həllini tapıb.
Gəncə şəhər Dəmiryolçular parkında Azərbaycan Demokratik Respublikasının qurucusu Məmməd Əmin Rəsulzadənin büstünün başına keçirilən çuval artıq çıxarılmışdır.
Qeyd edək ki, Gəncə şəhər sakini Azər Allahverdyevin də millət vəkilinə ünvanladığı kimi artıq 5 ildən çox bir zaman ərzində Gəncə şəhər Dəmiryolçular parkında Məmməd Əmin Rəsulzadənin büstü başına çuval salınaraq ərazinin bir küncündə gözdən-könüldən iraq bir vəziyyətdə saxlanılmışdır. Vəziyyətlə bağlı Azər Allahverdiyev tərəfindən sosial şəbəkədə sözlərini təsdiq edən fotoşəkillər də paylaşılıb.
Məlum olduğu kimi Milli Məclisin mayın 29-da keçirilən iclasında məsələni qaldıran VHP sədri “Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası Gəncədən fəaliyyətə başlasa da, bu şəhərdə Rəsulzadənin büstünün başına çuval keçirilib. Ona qarşı bu cür münasibət göstərmək olmaz. Əgər Gəncə Şəhər İcra Hakimiyyəti Rəsulzadəni düşmən elan edibsə, bunu desin. Yox , əgər belə deyilsə, zəhmət çəkib çuvalı onun başından çıxarsın” söyləmişdi.
S.Rüstəmxanlının bu sözlərinə irad tutan millət vəkili Musa Quliyev isə cavab olaraq “Gəncədə Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi yalan informasiyadır, həqiqəti əks etdirmir. Abidənin olduğu parkda təmir işləri gedir, həmin abidə də keyfiyyətsizdir. Abidənin təmir işləri ilə bağlı işlər aparıldığı üçün üstü örtülüb. Həmin park da Gəncə Şəhər İcra Hakimiyyətinin deyil, Nəqliyyat Nazirliyinin balansındadır. Əgər Sabir Rüstəmxanlının ürəyi yanırsa, nəqliyyat naziri onun qudasıdır, gedib xahiş eləyib parkı təmir etdirsin” demişdi.
Kəpəz rayonundan deputat seçilən M. Quliyev S.Rüstəmxanlının sözünə müdaxilə edərkən qeyd etmişdi ki, o ərazi Dəmir Yoluna baxır. Lakin araşdırma nəticəsində məlum olub ki, Dəmiryolçular parkı Kəpəzin ərazisinə daxildir. Bu rayonun icra hakimiyyətinin başçısı isə M.Quliyevin bacısının kürəkənidir. Sabir Rüstəmxanlı ilə arasında söz davası da qohumunu müdafiə etmək məqsədilə olub.
Məsələ ilə bağlı Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton Məmmədov da həmkarının dediklərinə reaksiya verərək Musa Quliyevin bu mövqeyinə etirazın bildirib. Və qeyd edib ki, adı çəkilən parkın Nəqliyyat nazirliyinə heç bir aidiyyatı yoxdur.
İnterpress.az