Bunu Bakıda keçirilən 22-ci Beynəlxalq “Xəzər Neft və Qaz 2015” (“Caspian Oil and Gas 2015”) sərgisinin rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi də strateji layihədir: “Neft-qaz strategiyası uğurla həyata keçirilməsəydi, bu işləri görə bilməzdik. Neft-qaz və onların ixracı sahəsində Azərbaycan strateji valyuta ehtiyatları əldə etdi. Azərbaycan iqtisadiyyatı son 10 ildə 300 faiz artıb, sosial məsələlər həllini tapıb. Biz düşünülmüş iqtisadi siyasət apararaq neftdən asılılığı böyük dərəcədə azalda bilmişik. İqtisadiyyatımızda neft amili 30 faiz təşkil edir. Biz Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində böyük uğura imza atmışıq. Artıq neft amilindən daha az asılıyıq. Neftin qiyməti 2 dəfə düşsə də, bu il 5% iqtisadi artım əldə etmişik”.
Prezident bildirib ki, qarşıda duran əsas vəzifə iqtisadiyyatı şaxələndirmək, neft-qaz amilindən asılılığı daha da azaltmaq, icra edilməmiş böyük infrastruktur layihələrini reallaşdırmaqdır: “Bununla bərabər, enerji sektorunda da qarşıda duran vəzifələr həllini tapacaq. Çünki bunun üçün çox böyük əsas var. Neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq göstərir ki, Azərbaycanın xarici əməkdaşlığı səmərəli qurulub. Xüsusilə BP bizim əsas tərəfdaşımızdır, həm \”Əsrin Müqaviləsi\”, həm də \”Şahdəniz\” layihəsində aparıcı sərmayədardır. Bu əməkdaşlığın 20 ildən çox tarixi var. SOCAR və BP əməkdaşlığı bundan sonra daha neçə on illiklər davam edəcək”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda neft-qaz müqavilələri qanunla qorunur: “Bu gün keçmişə baxaraq deyə bilərik ki, Azərbaycan enerji sahəsində layihələri vaxtlı vaxtında icra edib”.
İnterpress.az