Biz dədə-baba yurdumuza – Qərbi Azərbaycana (indiki Ermənistan) hökmən qayıdacağıqbackend

Biz dədə-baba yurdumuza – Qərbi Azərbaycana (indiki Ermənistan) hökmən qayıdacağıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müxbirimiz yaxın zamanlarda təsis edilmiş Dünya Azərbaycanlıları Konqresinin tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan (indiki Ermənistan) Nümayəndəliyinin İdarə Heyətinin sədri Səməndər Çaxmaqlı ilə görüşmüş, ona nümayəndəliyin fəaliyyəti barədə suallarla müraciət etmişdir:

– Səməndər müəllim, öncə Dünya Azərbaycanlıları Konqresinin tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan (indiki Ermənistan) Nümayəndəliyinin məqsəd və məram barədə fikirlərinizi bilmək istərdik.

– Əvvəla, gəlin bir qədər tarixi keçmişə qayıdaq. Bildiyiniz kimi, XIX əsrin əvvəllərindən başlayaraq Rus İmperiyası tərəfindən İrəvan və Naxçıvan xanlıqlarının inzibati ərazisində yaradılmış qondarma müvəqqəti “Erməni vilayəti” bölgədə kiçik bir ərazidə idarəetmə üsulu olsa da, sonralar Rus İmperiyasının köməyi ilə dünyanın ayrı-ayrı xarici ölkələrindən İrəvan xanlığının ərazisinə mərhələ-mərhələ köçürülən ermənilərin hesabına bu kiçik „vilayət“in erməni əhalisinin sayı artmağa, soxulduqları ərazi genişləndirilməyə başlandı. Bununla belə, Azərbaycanın 20 xanlıqlarından biri olan İrəvan xanlığında əhalinin 76% azərbaycan türkləri, 24% isə ermənilər və digər millətlər təşkil edirdi. Sonralar azərbaycan türklərinin əzəli və əbədi torpaqlarında möhkəmlənən ermənilər havadarlarının köməyi ilə yerli əhalini müxtəlif zorakılıq üsulları ilə sıxışdıraraq dədə-baba yurdlarından qovub çıxarmış və İrəvan xanlığının ərazisində qondarma „Ermənistan dövləti“ yaratmışlar.
Deportasiya illərində erməni separatçılığı, vandalizmi və terrorçuluğu nəticəsində yüz minlərlə azərbaycan türkü öldürülmüş, var-dövləti talan edilmiş, yaşayış məskənləri dağıdılmış, tarixi mədəniyyət abidələri yer üzündən silinmişdir. Təkcə 1988-1990-cı illər deportasiyası zamanı o torpaqlardan 250 min nəfərdən çox azərbaycan türkü qovulmuş, əhaliyə 60 milyarddan çox ABŞ dolları həcmində ziyan vurulmuşdur. Bu gün İrəvan xanlığının 29 kvadratkilometr ərazisi ermənilər tərəfindən zəbt edilmiş, o torpaqlarda bir nəfər də olsun azərbaycan türkü yaşamır.
Bütün tarixi mənbələrə, arxiv sənədlərinə əsasən təsdiq olunmuşdur ki, indiki „Ermənistan Respublikası“nın bütün torpaqları azərbaycan türklərinin vətənidir, o torpaqlar işğaldan azad edilməlidir. Nəhayət, Respublika prezidenti İlham Əliyev zəbt edilmiş tarixi torpaqlarımız barədə fikirlərini belə ifadə etmişdir:
„Ermənistan dövləti – tarixi Azərbaycan torpaqları üzərində qurulmuşdur. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır“.
Qərbi Azərbaycan Nümayəndəliyinin (QAN) əsas məqsəd və məramı Azərbaycan Respublikasının və dünyanın bütün nüfuzlu ictimai-siyasi təşkilatlarının dəstəyindən istifadə edərək, dədə-baba torpaqlarımıza qayıtmaq, „Vətənə Qayıdış!“ missiyasını həyata keçirməkdir. Gələcək planlarımızda nümayəndəliyi „Qərbi Azərbaycan Mühacir hökuməti“ formasında təşkilatlandırmaqdır.
Bundan əlavə, Avropanın tanınmış ölkələrində xüsusi mövqeyi olan Dünya Azərbaycanlıları Konqresinin (həmsədrlər – Sabir Rüstəmxanlı və Firudin Pərvizniya) dəstəyindən faydalanaraq 4 milyona yaxın qərbi azərbaycan türklərinin tapdanmış haqları barədə bir daha dünyanın tərəqqipərvər qüvvələrinin nəzərinə çatdırmaq, hansı yolla olursa-olsun dədə-baba yurdumuza qayıdacağımızı bəyan etməkdir. Yeri gəlmişkən, Qərbi azərbaycanlılar tərəfindən təsis edilmiş, respublikamızda fəaliyyət göstərən bütün ictimai-siyasi, qeyri hökumət təşkilatlarına DAK Qərbi Azərbaycan (indiki Ermənistan) Nümayəndəliyi ilə birlikdə fəaliyyət göstərməyə dəvət edir və „Vətənə Qayıdış!“ məqsədimizi həyata keçirmək üçün birgə mübarizə aparmağa çağırırıq. Bu hər bir qərbi azərbaycan türkünün ən şərəfli və müqəddəs arzusu deyilmi?!

– İlkin olaraq, nümayəndəliyin fəaliyyət istiqamətləri nədən ibarətdir?

– Nəzərinizə çatdırıram ki, Qərbi Azərbaycan (indiki Ermənistan) Nümayəndəliyinin DAK tərəfindən təsdiq edilmiş „Əsasnamə“sinə uyğun olaraq fəaliyyət planı vardır. „Vətəni unutmayaq“, „Xeyriyyəçilik“, „Tariximiz – Qan yaddaşımızdır“ və s. tədbirlər planı hazırlamışıq. Məlumat üçün deyim ki, QAN sırf ictimai birlikdir, heç bir siyasi təşkilata qoşulmur, heç bir siyasi partiyanın siyasi mənafeyi adından çıxış etmir.
„Vətəni unutmayaq“ adı altında keçirdiyimiz tədbirlərdə erməni əsarətində qalmış elm, təhsil və mədəniyyət ocaqlarının anım günlərini geniş formada qeyd edir, tanınmış qərbi azərbaycanlı elm, təhsil və mədəniyyət xadimlərinin yubileylərini təşkil edirik.
Yeri gəlmişkən, departament kimi fəaliyyət göstərdiyimiz zaman „İrəvan xanlığının işğalı və İrəvan Qalasının süqutunun 185 illiyi“nin anım günü tədbiri keçirdik və Müraciət qəbul edərək ermənilərin internet saytında yerləşdirdik. Tezliklə erməni prezidenti S.Sarkisyan tərəfindən H-1(Hayastan-1) Televiziya kanalında və internet saytında kəskin etiraz olundu:
-Siz fikir verin, bir dəstə ermənistanlı türklər hətta 2550 illik tarixi olan Erebuni şəhərinin, bizim Yerevanın türk şəhəri İrəvan olduğunu iddia edir, bizdən torpaq tələb edirlər.
Deməli, bu istiqamətdə daha ciddi tədbirlər keçirilməsinə böyük ehtiyac vardır və bu tədbirlərin tələblərini dünyanın bütün dövlətlərinin ictimai-siyasi qurumlarına çatdırmalıyıq. Biz bundan sonra da indiki Ermənistan torpaqlarının Azərbaycan torpaqları olması, onun ermənilər tərəfindən işğal edilməsi ilə bağlı müxtəlif məzmunlu tədbirlər keçirəcək, yerli əhaliyə dəymiş maddi və mənəvi zərərin erməni dövləti tərəfindən ödənilməsini tələb edəcəyik, „Vətənə Qayıdış“ məqsədimizi həyata keçirmək üçün bütün vasitələrdən istifadə etmək ən böyük arzumuzdur.

– Qərbi Azərbaycan (indiki Ermənistan) nümayəndəliyinin idarəçilik strukturu hansı formadadır və kimlər nümayəndəliyə üzv qəbul edilir?

– QAN-nin bütün fəaliyyəti 11 nəfərdən ibarət İdarə Heyətinin rəhbərliyi ilə tənzimlənir. Nümayəndəliyin „Ağsaqqallar şurası“, „Qadınlar şurası“, „Gənclər təşkilatı“ yaradılmış və bu təşkilatlar öz işlərini nümayəndəliyin „Əsasnamə“sinə uyğun olaraq təşkil etmiş və İdarə Heyətinin illik planı əsasında çalışırlar. Bundan əlavə Ağsaqqallar Şurasının tərkibində İrəvan xanlığının tarixi mahalları olan İrəvan, Zəngəzur, Zəngibasar, Dərələyəz, Vedibasar, Ağbaba, Göyçə mahalları yaradılmış və hər mahal üzrə „Qərbi Azərbaycan ocağı“ adı altında Mahal ağsaqqalları nümayəndəliyi fəaliyyət göstərir.
Yeri gəlmişkən, 18.12.2013-cü il tarixində Qərbi Azərbaycandan (indiki Ermənistan) deportasiya olunmuş azərbaycanlılar tərəfindən təsis edilmiş „Qərbi Azərbaycan Ocağı“ adlı İctimai Birliyin Dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edilmişdir.
QAN-nin üzvlüyünə könüllülük prinsipi əsasında, İdarə Heyətinin Qərarı əsasında vətənpərvər adamlar qəbul edilir və xüsusi vəsiqə verilir. Doğulduğu və yaşadığı yerdən, milliyətindən, dini baxışından və siyasi mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları və xarici ölkələrdə yaşayan azərbaycanlılar nümayəndəliyin üzvü ola bilərlər.

– Səməndər müəllim, QAN-ın son zamanlarda yaradılmasına baxmayaraq, artıq yüzlərlə tərəfdaşlarınız vardır. Kimlərdən daha çox dəstək gözləyirsiniz?

– Əlbəttə, birinci növbədə Respublika rəhbərliyindən və soykökü Qərbi Azərbaycandan olan azərbaycanlılardan və bütün Azərbaycan xalqından dəstək gözləyirik.
Azərbaycan Respublikasında məskunlaşmış yüzlərlə vəzifə sahibləri, dövlət məmurları, tanınmış iş adamları ilə, xüsusən də Respublikamızın ictimai-siyasi, elm-mədəniyyət və s. sahələrdə çalışan, 1993-cü ilin məlumatına görə son 50 ildə təxminən 10 nəfərdən artıq Azərbaycan Elmlər Akademiyasının akademiki, 140 nəfərdən çox Elmlər doktoru və professoru, 740 nəfərdən çox elmlər namizədi, yüz minlərlə ziyalıları ilə Qərbi Azərbaycan (indiki Ermənistan) soyköklü bütün adamlarla qarşıya qoyulan istənilən məqsədləri həyata keçirmək olar. „Vətənə Qayıdış“ missiyasını həyata keçirmək üçün ilkin olaraq tanınmış ziyalılar əllərindən gələni əsirgəməməlidirlər. Onlar ən azından respublikamızda fəaliyyət göstərən Qərbi Azərbaycanla bağlı yaradılmış ictimai-siyasi təşkilatlara Mənəvi Dayaq olmalıdırlar. Çox təəssüf ki, Qərbi Azərbaycan doğumlu bəzi dövlət məmurları respublikanın ən böyük bəlası olan Rüşvətxorluq və Korrupsiyaya qurşanaraq, yalnız öz varidatları haqqında düşünür, çox zaman böyüyüb boya-başa çatdığı, çörəyini yeyib, suyunu içdiyi o Gözəl, Qədim Diyarı, azərbaycan türklərini əbədi və əzəli torpaqlarını heç yadlarına belə salmırlar. Çox qəribədir ki, belə adamlar ümumi məqsədimizin həyata keçirilməsinə kömək etmək əvəzinə, özlərini hansısa Qərbi Azərbaycan (indiki Ermənistan) bölgəsinin „ağsaqqalı“ hesab edərək öz şəxsi mənafelərini hər şeydən üstün tuturlar.
Axı biz nə istəyirik?! Biz dədə-baba torpaqlarımıza qayıdmaq istəyirik ! Bu arzu hər bir vətənpərvər Qərbi Azərbaycanlının (indiki Ermənistan) ən müqəddəs və şərəfli arzusu olmalıdır.

-Sizə uğurlar diləyirik.