Bu haqda Modern.az saytına məlumat verən Binəqədi rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Nuridə Allahyarova bildirib ki, yanğınla bağlı İcra Hakimiyyəti üzərinə düşən bütün işləri görür:
“Binada yaşayan bütün ailələrə İcra Hakimiyyətinin ödəməli olduğu kompensasiyalar verilib, ailələrin müvafiq yerlərə yerləşdirilməsi məsələsi də tam yekunlaşıb. Onların əksəriyyəti Goradildəki pansionatda yerləşiblər. Digər ailələr isə fərdi evlər tutublar. Artıq həmin ailələrin də kirayə pulları ödənilib. Hətta ailələrə ilkin kompensasiyalar da verilib.
İcra Hakimiyyətində vəzifə bölgüsü aparılıb. Belə ki, İcra Hakimiyyətinin xidmət strukturları, bələdiyyələr və icra nümayəndəlikləri hər gün mütəmadi olaraq həmin ailələrə baş çəkir. İşləyən ailələrə isə günaşırı gedirik. Amma hər gün onlarla telefon əlaqəsi saxlayırıq. Nə problemləri olursa, həll edirik”.
Şöbə müdiri Mərkəzi Klinik Xəstəxananın Toksikologiya şöbəsində müalicə alan bütün yaralılar evə buraxıldığını bildirib:
“Yalnız yanğın zamanı dünyasını dəyişən balaca Fərəhin anası Günay Məhərrəmova psixoloji travma aldığı üçün hələ də müalicə olunur. Qalan bütün yaralılar evə buraxılıb”.
Nuridə Allahyarova qeyd edib ki, Binəqədi rayonunda olan binalardakı üzlüklərin sökülməsi prosesi davam edir. Üzlükləri sökülən binalarda isə təmir-bərpa işləri gedir.
Mayın 19-da Binəqədi rayonundakı 16 mərtəbəli binada baş verən yanğın zamanı 15 nəfər həyatını itirib.
Mayın 21-də baş nazirin müavini, Dövlət Komissiyasının sədri Abid Şərifov Binəqədi yanğında həlak olanlara maddi yardım ayrılması barədə sərəncam verib.
Sərəncama əsasən, yaşayış binasında baş vermiş yanğın hadisəsi nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min, xəsarət alan bina sakinlərinin hər birinə 5 min manat, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəyən əmlakına görə ilkin olaraq 20 min manat dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım müəyyən edilib.
İnterpress.az