Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov AzNews.az-a açıqlamasında bildirib ki, yeni pul nişanlarının dövriyyəyə buraxılması lazımsız idi: “Mən başa düşmədim ki, yeni pulun dövriyyəyə buraxılması nəyə lazım idi. Çünki dövriyyədə kifayət qədər pul əskinasları var idi. Mənə elə gəlir ki, manatın devalvasiyaya uğramasından sonra manat qıtlığı yaranıb və insanlar daha çox xarici valyutaya üstünlük verirlər, manata inam azalıb. Ola bilər ki, bu nöqteyi- nəzərdən çıxış edərək yeni pul buraxıblar”.
Vahid Əhmədov tədavülə buraxılan yeni pulun elə də böyük məbləğ olmadığını düşünür: “Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi təbii ki tarixi hadisədir. Bu hadisəni nəzərə alaraq böyük məbləğdə olmayan hansısa əskinas dövriyyəyə buraxıla bilər. Amma bu, kütləvi şəkil ala bilməz”.
Qeyd edək ki, Mərkəzi Bank bu gün dövriyyəyə yeni xatirə pul nişanları buraxıb. Yüksək əyarlı müxtəlif qiymətli metallardan hazırlanmış xatirə pul nişanları Birinci Avropa Oyunlarının tarixdə həkk olunması məqsədilə düzəldilib.
İnterpress.az