Mərkəzi Klinik Xəstəxananın Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudovun verdiyi məlumata görə, həmin xəstə dünən evə yazılıb.
“Xəstə, 1983-cü il təvəllüdlü Günay Məhərrəmovanın vəziyyəti stabilləşdiyi üçün evə yazılıb. Xəstələrə müalicəni evdə davam etdirmək üçün xüsusi təyinatlar verilib. Ümumilikdə xəstənin həyatı üçün təhlükə yoxdur”, – deyə Azər Maqsudov bildirib.
Qeyd edək ki, mayın 19-da Binəqədidə yanan binada 15 nəfər ölüb, 56 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlardan zəhərlənən 35 nəfər Mərkəzi Klinik Xəstəxananın Toksikologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci – vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci – ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılıb. Hadisəni araşdırmaq üçün Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
İnterpress.az