Rusiyada “Erməni terrorizmi” kitabına qoyulan qadağa ləğv edildibackend

Rusiyada “Erməni terrorizmi” kitabına qoyulan qadağa ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu faktlar ABŞ, Fransa, Almaniya, Avstriya, İsveçrə, Türkiyə, Belçika, İspaniya, İtaliya, Böyük Britaniya, Niderland, Danimarka, Livan, Azərbaycan və digər ölkələrin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmış, çoxsaylı insan tələfatına səbəb olan həmin cinayətlərin erməni terror təşkilatları tərəfindən törədildiyi təkzibolunmaz sübutlarla təsdiq edilib. Kitabda ermənilərin azərbaycanlılara qarşı terror hadisələrinin rus millətindən olan şəxslər və rus hərbçilər tərəfindən törədildiyi görüntüsü yaratmaq üçün onları ruslara bənzədən maskalardan istifadə etdikləri də əksini tapıb. Bu kitab sonrakı dövrlərdə dünyadakı ayrı-ayrı kitabxanalara göndərilib. O vaxtdan başlayaraq Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və diaspor təşkilatları tədbirlərində erməni terrorçularının, separatçılarının Azərbaycanda dinc əhaliyə qarşı törətdikləri cinayətlərlə bağlı həmin kitabdakı şəkillər istifadə olunur.

Erməni “əli\”

2013-cü il oktyabrın 3-də Krasnoyarsk Vilayəti üzrə Prokurorluğa vilayətin ərazisində “Erməni terrorizmi” adlı nəşrin yayıldığı barədə məlumat daxil olub. Məlumatda qeyd edilib ki, həmin nəşr Krasnoyarsk vilayətində yaşayan və Azərbaycan diasporunu təmsil edən şəxslər tərəfindən yayılır. V. P. Astafyev adına Krasnoyarsk Dövlət Pedaqoji Universitetinin mütəxəssisləri tərəfindən həyata keçirilmiş psixoloji-linqvistik təhqiqat nəticəsində əldə olunmuş “rəy” kitabın əleyhinə olub. Prokurorluq “Ekstremist fəaliyyətə qarşı” Federal Qanuna istinad edərək Rusiya Federasiyasının maraqlarının müdafiəsi məqsədilə həmin nəşri “ekstremist material” kimi tanıyıb və müvafiq qərarını məhkəməyə göndərib. Prokurorluq məhkəmədən “Erməni terrorizmi” nəşrinin “ekstremist material” kimi tanınmasını, həmin nəşrin ekstremist materiallar siyahısına daxil edilməsi üçün qərarın surətinin Rusiya Federasiyası Ədliyyə Nazirliyinə göndərilməsini xahiş edib. Yəni Krasnoyarsk diyarının Prokurorluğu Rusiyanın Krasnoyarsk vilayətində “Erməni terrorizmi” adlı kitabın ekstremist ədəbiyyat kimi tanınması barədə Krasnoyarsk Şəhər Mərkəzi Rayon Məhkəməsində iddia qaldırıb. İddiada təkcə kitabın yayımının deyil, həm də kitabdakı şəkillərdən istifadənin qadağan olunması istənilirdi.

Araşdırmamız zamanı o da məlum olub ki, Krasnoyarskda bu işlə məşğul olan Krasnoyarsk Dövlət Pedaqoji Universitetinin milliyyətcə rus olan 2 qadın müəlliməsidir, müəllimələrdən birinin Moskvadakı elmi rəhbəri ermənidir. Bir sözlə, məsələnin başında yenə də Rusiyadakı erməni diasporunun dayandığı ortaya çıxıb.

Azərbaycanın Rusiya Federasiyasındakı səfirinin müavini Qüdsi Osmanov APA-ya açıqlamasında deyir ki, bu, çox pis presedent yaradılmasına hesablanmış iddia idi: \” Rusiyadakı erməni diasporu da bu şansdan maksimum istifadə edəcəkdi\”.

Xatırladaq ki, həmin il noyabrın 29-da AzərTAC da bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, Rusiyada miqrantlara, o cümlədən azərbaycanlılara qarşı dözümsüzlük mühitinin mövcud olduğu bir zamanda belə addımın atılması Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafına mənfi təsir edən amil kimi qiymətləndirilə bilər. Ancaq dekabrın 12-də Rusiya Federasiyasının Krasnoyarsk Şəhər Mərkəzi Rayon Məhkəməsində N.Y.Çernovanın sədrliyi ilə Azərbaycanda nəşr olunmuş “Erməni terrorizmi” kitab-albomunun “ekstremist material” kimi tanınmasına dair məhkəmə prosesi başlayıb.

Hücumu dəf etmək istiqamətinlə atılan addımlar

Məsələnin ciddiliyi nəzərə alınaraq, Azərbaycanın Rusiyadakı səfirliyinin müavini Qüdsü Osmanova bu məsələ ilə məşğul olmaq həvalə olunub, Rusiyanın müvafiq qurumlarına müraciətlər edilib. Paralel olaraq Rusiyada bu sahə üzrə təcrübəli ekspertlər, hüquqşünaslarla məsləhətləşmələr aparılıb, Krasnoyarskda Azərbaycan diasporunun aktivlərindən olan hüquqşünas Ələkbər Qarayev də bu işə cəlb olunub.

AzərTAC-ın direktoru Aslan Aslanov APA-ya açıqlamasında deyib ki, bu proses başlayan zaman 2013-cü ildə Prezident Administrasiyası məlumatlandırılıb və AzərTAC da öz tərəfindən lazımi addımların atılması üçün hərəkətə keçib. AzərTAC V.P.Astafyev adına Krasnoyarsk Dövlət Pedaqoji Universitetinin mütəxəssisləri tərəfindən həyata keçirilmiş psixoloji-linqvistik təhqiqat nəticəsində əldə olunmuş “rəy”i qərəzli sayıb: “Bizim tərəfimizdən “Erməni terrorizmi” kitab-albomuna sosial-psixoloji və psixoloji-linqvistik tədqiqatına dair rəy verilməsi üçün suallar qoyulub və bu suallar cavablandırılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoruna, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin direktoruna təqdim edilib. Bura “Təqdim olunmuş materialların əsas məna və kompozisiyası, tərtib və quruluş istiqamətləri nədən ibarətdir?”, “Nəşr materialları kin və nifrət oyatmağa, habelə cinsinə, irqinə, dilinə, mənşəyinə, dininə olan münasibətinə, eləcə də hər hansı sosial qrupa mənsubiyyətinə dair insanın və ya insan qruplarının ləyaqətinin alçaldılmasına yönəltmişdirmi?”, “Bu nəşrdə təqdim olunmuş materialların məzmununda milli ədavəti qızışdırmağa və hər hansı milli və sosial qrupa qarşı zorakılıq hərəkətlərini həyata keçirməyə yönəlmiş çağırışlar varmı?”, “Tədqiqat üçün təqdim olunmuş materiallar insanın cəmiyyətdəki davranış reaksiyalarına və onun şəxsiyyətinin dəyişdirilməsinə təsir göstərə bilərmi və müsbət halda necə təsir göstərə bilər?” sualları daxil olub. Bu suallarla bağlı rəylər həmin qurumlardan alınaraq Krasnoyarsk Şəhər Mərkəzi Rayon Məhkəməsinə göndərilib”.

Göstərilən səylər nəticəsində Rusiyanın müvafiq dövlət qurumunda ilkin araşdırma aparılıb və araşdırmanın nəticəsi kitabın xeyrinə olub. Bu ilkin tədqiqat Moskvadan gələn ekspertlərlə birgə Krasnoyarsk şəhəri Mərkəzi Məhkəməsinə göndərilib. Məhkəmə isə bunların əsasında yenidən psixoloji-linqvistik ekspertiza keçirilməsi barədə qərar verib. Məntiqlə, ekspertizanın rəyi nə olacaqsa, məhkəmənin də qərarı ondan ibarət olmalı idi. Məhkəmə ekspertizanın Krasnoyarskda universitetin nəzdində yalnız bu işlərə məşğul olan idarədə aparılmasına qərar verib. Yenə də ekspertizanın nəticəsi kitabın lehinə olub.

Buna baxmayaraq, Krasnoyarsk Şəhər Mərkəzi Rayon Məhkəməsi martın 5-də maraqlı tərəflərin təzyiqi ilə Krasnoyarsk diyarının Prokurorluğunun xeyrinə, kitabın əleyhinə qərar verib.

Mübarizə və qələbə

Ancaq mübarizə davam edib, AzərTAC və “Azərbaycan” nəşriyyatının nümayəndəsi olan vəkil Ə. Qarayev tərəfindən Krasnoyarsk diyar Məhkəməsinə apelyasiya şikayəti verilib.
Kitabla bağlı müsbət qərar verilməsinə nail olunması üçün Rusiyanın nüfuzlu, tanınmış ekspertləri və hüquqşünasları prosesə cəlb olunub.

Nəhayət, mayın 18-də məhkəmə “Erməni terrorizmi” kitabının lehinə qərar verib. Başqa sözlə, Krasnoyarsk Şəhər Mərkəzi Rayon Məhkəməsinin 5 mart 2015-ci il tarixli qərarı ləğv edilib, prokurorluğun “Erməni terrorizmi” kitabının ekstremist material kimi tanınması barədə müraciətinin qəbul edilməsindən imtina edilib. Eyni zamanda qərarda qeyd edilib ki, Krasnoyarsk Diyar Prokurorluğunun bu kitabın ekstremist material kimi tanınması barədə müraciətinə baxılması dayandırılsın. Bu da o deməkdir ki, Rusiyanın məhkəmə orqanları bir daha “Erməni terrorizmi” kitabı ilə bağlı məsələyə bir daha qayıtmayacaq.

A. Aslanov bildirib ki, bu prosesdə Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanovun məsələyə peşəkar yanaşmasını xüsusi qeyd etmək lazımdır: “Haqq-ədalət yerini tapdı. Əgər öncəki qərəzli məhkəmə qərarı qüvvədə qalsa idi, bundan Rusiyada azərbaycanlılara, vətənpərvər soydaşlarımıza qarşı istifadə ediləcəkdi. Tutaq ki, bu kitab azərbaycanlılardan kiminsə evində tapılsa, millətlər arasında ədavət yaradan nəşrlə bağlı günahlandırılacaqdı. Əgər \”Erməni terrorizmi\” kitab-albomu ekstremist ədəbiyyatı siyahısına daxil edilsəydi, bu, ümumən Rusiyada yaşayan azərbaycanlıların uydurma cinayət işi ilə təqib edilməsinə səbəb olacaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair digər mətbu nəşrlər üçün presedent yaranacaqdı”.

Qeyd edək ki, “Erməni terrorizmi” kitabının müəllifi olan Azərbaycanın mərhum baş prokuroru İsmət Qayıbov da 20 noyabr 1991-ci ildə erməni terrorizminin qurbanı olub.

İnterpress.az