“Ötən il dövlət Beynəlxalq Banka 5 milyard manat hədiyyə etdi. Buradan həmin 1 milyard zərəri ayırsaq, yerdə 4 milyard qalır. Amma 2017-ci ildə həmin məbləğin 3 milyardı da yoxa çıxdı. Həmin il 810 milyon manat mənfəətlə çıxdı. Xalid Əhədovun fəaliyyəti zamanı bank ancaq zərərlə işlədi”.
Bunu İnterpress.az-a açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Xalid Əhədovun işindən kənarlaşdırılmasına münasibət bildirərkən deyib.
Ekspert qeyd edib ki, bank, təkcə, 2016-ci ili 1 milyard manat zərərlə başa vurub: “Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Xalid Əhədovun işindən kənarlaşdırılmasına səbəb onun işinin öhdəsindən gələ bilməməsidir. Qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ bilmədi. Eyni zamanda, o, sıra səhvlərə yol verdi. Ötən il ərzində bankın öhdəliklərini könüllü düzgün şəkildə həyata keçirmədi və bu zaman ciddi səhvlərə yol verdi. Bununla da, bankın imicinə ciddi zərbə vurdu. Əmanətlər üzrə faizləri aşağı saldı. Bankın işçi heyətində xeyli ixtisarlara yer verdi. London məhkəməsinə uduzdu və s. Eyni zamanda, bankın daxili idarə etməsində problemlərin yaranmasına səbəb oldu. Yəni, onun fəaliyyəti bankın xeyrinə olmadı”.
Ə.Həsənov sabiq sədrin bankı Müşahidə Şurasının üzvlüyündə qalmasına da münasibət bildirib: “Xalid Əhədovun Beynəlxalq Bankın Müşahidə Surasının üzvlüyündə qalması isə onun düzgün insan olduğundan irəli gəlir. Oğurluq bacarığı yoxdur. İdarə Heyətinin sədri vəzifəsini icra edə bilməməsi isə onun , ümumiyyətlə, bank sektorundan uzaqlaşması anlamına gəlməməlidir. Adam peşəkardır”.
Ə.Həsənovun sözlərinə görə, bankın idarə heyətinə rəhbər kimi əcnəbi vətəndaş gətiriləcək: “Ümumiyyətlə, düşünürəm, Azərbaycan Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsinə xarici ölkədən mütəxəssis gətiriləcək. Çünki, görünür, Azərbaycanda banka xeyir gətirərək bu işin öhdəsindən gələ bilən adam yoxdur. Görünən odur ki, Beynəlxalq Bank kimi bankın öhdəsindən gələ biləcək biri yoxdur. Beynəlxalq Bank hazırda özəlləşdirilməyə hazırlanır və xarici investorlar axtarılır. Mən təcrübədən də bilirəm ki, adətən, beynəlxalq maliyyə institutları hansısa xarici ölkələrdə yerli bankların səhmlərini alarsa, idarə heyətinin sədri məsələsinin kim olması məsələsi onları bir nömrəli maraqlandırır. Buna görə də, Beynəlxalq Bankı İdarə Heyətinin sədrinin, böyük ehtimalla, əcnəbi olacağını düşünürəm”.
İnterpress.az
Səid Qərib