İkinci yarış günündə çəkisi 66, 75, 85 və 130 kq olan pəhləvanlar münasibətlərinə aydınlıq gətirəcəklər.
Aktivində 1 qızıl, 1 gümüş və 1 bürünc medal olan yığmamız bu gün də bütün çəki dərəcəsində təmsil olunacaq. Cəmşid Xeyrabadinin yetirmələrinin Avropa çempionatı statusunu da daşıyan Oyunlarda mükafat sayını artıracağı gözləniləndi.
Yunan-Roma güləşində 66 kq çəki dərəcəsində Dünya və Avropa çempionumuz Həsən Əliyev mübarizəyə təsnifat mərhələsindən başlayıb. 25 yaşlı pəhləvanımız ilk görüşündə gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayıb və 4:2 hesabı ilə qələbə qazanıb. O, 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçlə güləşib. Çəkisinin lideri bu dəfə də asanlıqla qalib gəlib. Rəqibini 5:0 hesabı ilə məğlub edən Əliyev 1/4 finalda Mixail Simyonovla (Belarus) qarşılaşacaq.
75 kq çəki dərəcəsində yığmamızın aparıcı üzvlərindən Elvin Mürsəliyev də yarışa ilk mərhələdən qoşulub. Slovakiyalı Riçard Riqo ilə üz-üzə gələn həmyerlimiz çətinlik çəkmədən 1/8 finala yüksəlib – 8:0. Bu mərhələdə İonel Puskasu (Rumıniya) ilə gücünü yoxlayan pəhləvanımız 1/4 finala çıxıb – 2*:2.
85 kq çəki dərəcəsində millimizin liderlərindən olan Saman Təhmasibi ilk döyüşdə italiyalı Fabio Parisi (İtaliya) ilə qüvvəsini sınayıb və rəqibini 8:0 hesabı ilə üstələyib. Güləşçimiz 1/4 finalda Ermənistan təmsilçisi Maksim Manukyanla güləşib. Görüş rəqibin 9:0 hesablı qələbəsi ilə başa çatıb. Əgər Manukyan finala yüksələrsə, Təhmasibi təsəlliverici görüşlərə qatılacaq.
130 kq çəki dərəcəsində komandamızın ən ağır çəkili pəhləvanı Sabah Şəriəti 1/8 finalda Mikola Kuçmi (Ukrayna) ilə güləşib. Təmsilçimiz 8:0 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib. O, yarımfinala vəsiqə uğrunda Yakobi Kajaya (Gürcüstan) qüvvəsini sınayacaq.
Qeyd edək ki, yunan-Roma yarışın ilk günündə Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medal qazanıb.
İnterpress.az