İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı verib.
Onun sözlərinə görə, mülki iş üzrə cavabdeh “SOCAR CAPE” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “Normadan artıq işə görə əmək haqqının, aylıq əmək haqqının və ödəncin ödənilməsi barədə” İddia Ərizəsi Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 28.11.2014-cü il tarixli, 2(0040)-1783 saylı Qətnaməsi ilə qismən təmin edilmişdir. Yasamal Rayon Məhkəməsinin 28.11.2014-cü il tarixli Qətnaməsi: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2015-ci il tarixli, 2(103)-148/2015 saylı Qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 İyun 2015-ci il tarixli qərarı ilə qüvvədə saxlanılıb.
Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən “SOCAR CAPE” Məhdud Məsuliyyətli Cəmiyyətindən İlqar Hüseynova 28 000 manat pulun tutulması qərara alınıb.
İlqar Hüseynovun əmək hüquqlarını məhkəmələrdə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin hüquqşünası Azər Quliyev müdafiə edib.
Qeyd edək ki, “SOCAR CAPE” şirkətinin azərbaycanlı işçiləri ingilis dilini bilmədiyi üçün aşağılayıb işdən çıxarılması barədə məlumatlar yayılıb. Bundan sonra aparılan yoxlamalarda “SOCAR CAPE”də çalışan 62 xaricidən yalnız 2-nin ölkədə çalışmaq icazəsi olduğu aşkarlanıb. Bundan başqa şirkətdə əcnəbi işçilərlə yerli işçilərin əməkhaqlarında, iş saatlarında fərq qoyulduğu, yerli fəhlələr iş saatından artıq işlədilir, lakin əlavə iş günlərinin əməkhaqlarının ödənilmədiyi bildirilir.
Elnarə
İnterpress.az