Polis ABŞ-ın Kolumbiya Universitetinin şəhərciyində keçirilən Fələstin tərəfdarı nümayişlərdə iştirak edən tələbələrin üzərinə pis qoxulu maddənin püskürməsi ilə bağlı araşdırmaya başlayıb. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. BBC-nin məlumatına görə, yanvarın 19-da Kolumbiya Universitetinin kampusunda Fələstin tərəfdarı nümayişlərdə iştirak edən 6 tələbənin üzərinə pis qoxulu maddə püskürtülüb.
Naməlum maddədən təsirlənən tələbələr ürəkbulanma, qusma, baş ağrısı və gözlərdə yanma hiss edib.
Polisin başlatdığı istintaqda hələlik heç kim saxlanılmayıb.
Universitet rəhbərliyindən verilən açıqlamada şübhəlilərin kampusa girişinə qadağa qoyulduğu bildirilib.
Kolumbiya Universitetinin dekanı Dennis Mitchell universitet rəhbərliyinin icazəsi olmadan kampusda keçirilən nümayişdə baş verən nifrət cinayətini pisləyib.