2023-cü ildə ixtira, faydalı model və sənaye nümunəsinin patentləşdirilməsinə dair 302 iddia sənədi, o cümlədən ixtiraya aid 201, faydalı modelə aid 67, sənaye nümunəsinə aid 34 iddia sənədi daxil olub.
Bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.
Bildirilib ki, 2022-ci illə müqayisədə bu rəqəm 31 ədəd çoxdur.
Məlumatda qeyd edilib ki, patentləşdirilmə üçün daxil olmuş iddia sənədlərinin sayı (ixtira fəallığı) 2022-ci illə müqayisədə 2023-cü ildə 11% artıb.
Patent Əməkdaşlığı Sazişi (PCT) proseduru üzrə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Beynəlxalq Bürosuna göndərilməsi üçün Agentliyə ixtiraya dair 6 beynəlxalq iddia sənədi və Avrasiya Patent İdarəsinə göndərilməsi üçün 35 iddia sənədi daxil olub. PCT proseduru üzrə ÜƏMT-nin Beynəlxalq Bürosundan isə Agentliyə ixtiraya dair 30 və faydalı modelə dair 1 iddia sənədi daxil olub.
Faydalı modelə aid xarici iddiaçılar tərəfindən 6 iddia sənədi verilib, Haaqa proseduru üzrə daxil olan 184 beynəlxalq sənaye nümunəsinə (2022-ci ildə 137) dair axtarış aparılıb.
Ötən il əmtəə nişanlarının qeydiyyatı ilə bağlı Agentliyə daxil olan sənədlərin sayı 3862 olub. Onlardan 3078-i milli, 784-ü isə xarici fiziki və hüquqi şəxslərə məxsusdur.
2023-cü ildə dövlət reyestrində 3145 əmtəə nişanı qeydiyyata alınıb (2022-ci ildə 2927). Onların 2541-i milli, 604-ü xarici fiziki və hüquqi şəxslərə məxsusdur.
Coğrafi göstəricilərin dövlət reyestrində milli hüquqi şəxslərə məxsus 2 coğrafi göstərici qeydiyyata alınıb.
Azərbaycanın üzv olduğu Əmtəə nişanlarının beynəlxalq mühafizəsinə dair Madrid Sazişi və ona dair Protokol üzrə keçən il qeydiyyatının tanınması üçün Agentliyə 3314 bildiriş daxil olub. Əmtəə nişanlarını xarici dövlətlərdə mühafizə etmək üçün milli iddiaçılar tərəfindən daxil olan müraciətlərin sayında da artım müşahidə olunub. 2022-ci ildə bu rəqəm 12, 2023-cü ildə isə 17 olub.