Ana dilimiz milli kimliyimizin və mənəvi birliyimizin əsas dayağıdır – Tənzilə Rüstəmxanlıbackend

Ana dilimiz milli kimliyimizin və mənəvi birliyimizin əsas dayağıdır – Tənzilə Rüstəmxanlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan dili xalqımızın milli varlığını və mənəvi birliyini yaşadan əbədi sərvətdir.

Hər xalqı var edən, yaşadan ərazisidir, milli-mənəvi dəyərləridir, mədəniyyətidir, dilidir. Dil xalqın dünya xalqları ilə, deməli, dünya ilə ünsiyyət vasitəsidir. Ünsiyyət həm də xalqın malik olduğu fəzilətləri yaşadır, dünyaya çatdırır, bunun üçün hamı onu varlığı ilə sevməli və qorumalıdır.

media-whatsapp-image-2025-11-25-at-14-11-55

Tarixən Azərbaycana da, Azərbaycan xalqına da, onun dilinə də maraq və ehtiram olub. Ana dilimiz yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqımızın dünyagörüşünü, mənəvi dəyərlərini, mədəni irsini və milli ruhunu gələcək nəsillərə çatdıran ən mühüm sərvətlərdən biridir.

Azərbaycan dilinin dövlət dili statusunun möhkəmləndirilməsi və onun inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Sovet dövründə milli dillərə qarşı müxtəlif məhdudiyyətlərin mövcud olduğu bir şəraitdə Ulu Öndər Azərbaycan dilinin qorunması və dövlət səviyyəsində mövqeyinin gücləndirilməsi üçün ardıcıl və qətiyyətli mübarizə aparıb.

1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması Ümummilli Liderin böyük siyasi iradəsinin nəticəsi idi. Müstəqillik illərində də Azərbaycan dilinin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri olub.

1995-ci ildə qəbul edilmiş Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi, dilimizin tətbiqi, qorunması və inkişafı ilə bağlı mühüm qanunvericilik aktlarının qəbul olunması bu sahədə möhkəm hüquqi baza formalaşdırıb. Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə avqustun 1-nin Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edilməsi ana dilimizə göstərilən yüksək diqqətin bariz nümunəsidir.

Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis olunması isə milli-mənəvi dəyərlərimizin qorunmasına verilən yüksək qiymətin ifadəsi idi. Bu əlamətdar gün latın qrafikalı əlifbaya keçidin uğurla başa çatmasının, müasir Azərbaycan dövlətinin milli-mədəni siyasətinin mühüm nailiyyətlərindən biri kimi tarixə düşdü. Latın qrafikalı Azərbaycan əlifbasına keçidin təmin olunması da dilimizin müasir inkişafı və beynəlxalq informasiya məkanına inteqrasiyası baxımından mühüm tarixi hadisədir.

2002-ci ilin 30 sentyabr tarixində “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım oldu.

Ana dilimizə olan diqqət və qayğı ümummilli liderdən sonra, yəni cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə də uğurla davam etdirilir. Onun ayrı-ayrı dövrlərdə Azərbaycan dili ilə bağlı verdiyi sərəncamlar Azərbaycan dilinin dövlət dili kimi formalaşması və inkişafına xüsusi təkan vermişdir.

Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi, Azərbaycan Milli Ensiklopediyasının nəşri, dilin qloballaşma şəraitində qorunması, elektron məkanda istifadəsinin genişləndirilməsi və dövlət dilindən istifadənin təkmilləşdirilməsi ilə bağlı qəbul edilən qərarlar ana dilimizin inkişafına xidmət edir.

Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan on milyonlarla soydaşımız üçün Azərbaycan dili milli həmrəyliyin təntənəsidir. Həmvətənlərimizin ana dilini yaşatması Azərbaycançılıq ideologiyasının möhkəmlənməsinə, milli-mənəvi dəyərlərin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Ana dilimizi qorumaq, onu zənginləşdirmək və gələcək nəsillərə saf şəkildə çatdırmaq hər birimizin müqəddəs borcudur. Çünki Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, xalqımızın milli varlığını, dövlət müstəqilliyini və mənəvi birliyini yaşadan əbədi sərvətdir.