Azərbaycan düşmənlərinə “növbədənkənar zərbə” – Fevralın 7-si həm də niyə bayramdır?backend

Azərbaycan düşmənlərinə “növbədənkənar zərbə” – Fevralın 7-si həm də niyə bayramdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gözlənilməz oldu.

 

Cəmi iki aydan sonra növbədənkənar prezident seçkilərinə gedirik. Oxucu məlumatlı olsa da, yenə xatırladım ki, növbədənkənar prezident seçkiləri 2024-cü il fevralın 7-nə təyin olunub. İndi isə siyasi kluarlarda cavabı tapılmağa çalışılan sualla bağlı mümkün ehtimalları sadalayaq. Öncə isə sual:

 

Nə baş verir? Növbədənkənar seçki elanının səbəbləri nədir?

 

Ağıla gələn ilk ehtimal odur ki, prezident seçkilərinin keçiriləcəyi 2025-ci ildə həm də növbəti parlament seçkiləri nəzərdə tutulmuşdu. Ölkə üçün taleyüklü 2 mühüm seçki yarışının eyni ildə reallaşması təbii ki, müəyyən texniki problemlər yaradacaqdı. Görünür, qərarın verilməsində bu faktor da öz rolunu oynayıb. Amma səbəb təkcə budurmu?

 

Ehtimallardan biri isə 2024-cü ildə Cənubi Qafqazda, eləcə də Azərbaycanda strateji maraqları olan iki böyük dövlət – ABŞ və Rusiyada da prezident seçkilərinin baş tutacağıdır. Bu faktın ölkəmizdəki növbədənkənar seçkilərə nə kimi təsirinin olub-olmadığını biz yalnız təxmin edə bilərik…

 

Nəyi, nə zaman edəcəyini isə İlham Əliyev bilir

 

Nəzərdən keçirilməyə layiq olan daha bir detala diqqət edək.  İlham Əliyevin komandanlığında başladılan və işğal altındakı torpaqlarımızın azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsindən sonra başda ABŞ olmaqla, bir sıra Qərb ölkələri rəsmi Bakıya qarşı təzyiqləri artırıb.

 

Sanksiyalar təhdidindən tutmuş siyasi çalarlı bəhanələrə qədər, mümkün olan hər şeydən təzyiq aləti kimi yararlanmağa çalışırlar. 30 il yurd-yuvalarından didərgin düşmüş Azərbaycan vətəndaşının pozulmuş hüquqlarından illər boyu bir cümlə də danışmayan bu dairələr agentura şəbəkələrinin üzvlərinin haqlı həbslərini söz azadlığına, az qala demokratiyaya təhdid kimi dəyərləndirməyə cəhdlər göstərirlər. Bu növbədənkənar seçkilər həm də bu bəhanələrə SON QOYACAQ. Biz 2024-cü il fevralın 7-də bütün dünyaya deyəcəyik:

 

Bu da demokratiya! Bu da azad seçki! Sonra?

 

Gün kimi aydındır ki, İlham Əliyevin bu seçkilərdə xüsusi seçki kampaniyasına da ehtiyacı yoxdur. Onun ölkədəki reytinq göstəricilərini Avropada da, uzaq ABŞ-da da yaxşı bilirlər. Bu baxımdan, İlham Əliyev növbədənkənar prezident seçkiləri təyin etməklə düşmənlərin əlindəki kartları zərərsizləşdirmiş oldu. Fevralın 7-də bütün dünya demokratiya şöləninə şahidlik edəcək. Bununla da Qərbin işğalçı ordusunun ön əsgərləri olan “demokratiya qamçısı” qırılacaq. Azərbaycan xalqı isə həmin gün təkcə demokratiya təntənəsini yox, həm də siyasi həyatında bir İLK OLAN tarixi anı yaşayaşaq…

 

Bu seçkilər ilk dəfə Azərbaycanın bütün ərazilərində baş tutmuş olacaq!

 

Azərbaycan vətəndaşı fevralın 7-də Xankədidə səs verəcək! Seçimini Şuşadan edəcək. Düşmənin xarabaya çevirdiyi Ağdam planetin siyasət paytaxtlarına demokratiya dərsi verəcək. Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı və işğaldan azad olunmuş digər ərazilərimiz bu siyasi hadisə ilə Azərbaycanın ayrılmaz hissəsi olduğunu növbəti dəfə nümayiş etdirəcək.

 

Odur ki, 2024-cü il, fevralın 7-si təkcə seçki günü deyil, həm də bayramdır!

 

Bayramda görüşənədək. Həmişə bayramlarda görüşək!

 

Ozal MƏMMƏDOV

Sfera.az saytının baş redaktoru