Azərbaycan gəncləri beynəlxalq gənclər forumlarına çağırış ediblərbackend

Azərbaycan gəncləri beynəlxalq gənclər forumlarına çağırış ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın gənclər təşkilatları Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində media nümayəndələrini daşıyan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşərək partlaması nəticəsində iki nəfər media nümayəndəsi – Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının (AZTV) operatoru Sirac Abışov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyevin həlak olması və 4 nəfərin yaralanması ilə əlaqədar beynəlxalq gənclər forumlarına çağırış edib.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından AZƏRTAC-a bildiriblər ki, müraciətdə Kəlbəcərdə baş verən dəhşətli faciənin Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn növbəti ciddi pozuntusu olduğu vurğulanıb. Bildirilib ki, ötən 30 ilə yaxın dövrdə Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistandan yerli əhaliyə və infrastruktura qarşı törətdiyi vandalizmə görə üzr istəməsini gözlədiyimiz halda, bu ölkə həmin ərazilərdə basdırdığı minaların xəritəsini verməkdən imtina edir və nəticədə artıq 6 aydan çoxdur bu ərazilərdə mülki əhali mina partlayışı nəticəsində həlak olur. Ermənistanın bunu etməkdə yeganə məqsədi azərbaycanlı əhalinin həmin ərazilərə təhlükəsizlik və layiqli şəkildə qayıtmasını əngəlləməkdir.
Diqqətə çatdırılıb ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin ötən il noyabrın 10-da imzaladıqları və silahlı münaqişəyə son qoyulmasına dair üçtərəfli Bəyanatından sonra 130-dan artıq azərbaycanlı mülki şəxs, o cümlədən xeyli gənc məhz mina partlayışı nəticəsində həlak olub və ya xəsarət alıb.
Qeyd olunub ki, Ermənistanın bu məsuliyyətsiz və cinayət xarakterli davranışı təkcə beynəlxalq humanitar hüquqa ziddiyyət təşkil etmir, həmçinin iki ölkə arasında etimad quruculuğunu və davamlı sülhün bərqərar olmasını əngəlləyən ən əsas amildir.
Azərbaycan gəncləri və gənclər təşkilatları beynəlxalq gənclər forumlarını Ermənistanın müharibə cinayətlərini pisləməyə, həmçinin bu ölkəni minalanmış ərazilərin xəritələrini təxirəsalmadan təqdim etməsini, təxribatçı addımlardan əl çəkməsini və beynəlxalq hüquqdan irəli gələn bütün öhdəlikləri yerinə yetirməsini tələb etməyə çağırıblar.

 

İNTERPRESS.AZ