Qrupumuzun favoriti Sloveniyadır.
Bunu 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nərgiz Qurbanova Avropa çempionatının seçmə mərhələsinin II raundundakı rəqiblər barədə danışarkən deyib.
Mütəxəssis B Liqasının 2-ci qrupunda iki komandanı fərqləndirib: “Moldova ilə müqayisədə Sloveniya və Bolqarıstan daha güclü komandalardır. Onlar A Liqasından gəliblər. Bu rəqiblərlə oyun daha çətin olacaq. Onların gücünə baxmayaraq, hər üç matçda müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Baş məşqçi heyətdə bəzi dəyişikliklər edildiyini vurğulayıb: “Avropa çempionatının seçmə mərhələsinə hazırlıq üçün futbolçuları əvvəlcə elit-məşqlərə cəlb etmişdik. Ardından Bakıda təlim-məşq toplanışında olduq. Heyətimizdə zədəli oyunçunun olmaması sevindiricidir. 5 yeni futbolçu dəvət etmişik. Ötən il 2007-2008-ci il təvəllüdlülər oynayırdılarsa, UEFA-nın qərarına əsasən bu il 2009-cu il təvəllüdlü futbolçular da çağırmaq mümkündür. Buna görə də 2009-cu il təvəllüdlülərə üstünlük vermişik. Onlardan ən azı ikisini əsas heyətdə oynatmağı planlaşdırırıq”.
Qeyd edək ki, Azərbaycan millisi martın 14-də Bolqarıstan, 17-də Sloveniya, 20-də isə Moldova ilə qarşılaşacaq. Qrupun bütün görüşləri Bolqarıstanda keçiriləcək.