Azərbaycan Türkiyə Evi şəhid olmuş jurnalistlərlə bağlı beynəlxalq təşkilatlara müraciət edibbackend

Azərbaycan Türkiyə Evi şəhid olmuş jurnalistlərlə bağlı beynəlxalq təşkilatlara müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyi iyunun 4-də Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun Kəlbəcər rayonunun Susuzluq kəndində xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olması ilə bağlı bəyanat yayıb.

“Ermənistanın  işğal siyasətinə 44 günlük Vətən müharibəsi və 2020-ci il 10 noyabr tarixli bəyanatla son qoyulsa da, erməni  mina terroru davam edir. Ermənistanın minalanmış ərazilərin xəritəsini hələ də Azərbaycana verməməsi sadə vətəndaşların Ermənistanın hərbi cinayətlərinin qurbanına çevrilməsinə səbəb olur. Bu gün iki jurnalistimizin peşə fəaliyyətlərini həyata keçirən zaman mina partlayışı nəticəsində həlak olması, daha bir neçə mülki şəxsin yaralanması Ermənistanın terror fəaliyyətinə son qoymaq niyyətində olmadığını göstərir.

Azərbaycanın səylərinə rəğmən, bu günə qədər hər hansı beynəlxalq təşkilatın Ermənistanın mina terrorunun qarşısını almaq üçün  addım atmamasıdır. Azərbaycan torpaqlarının 30 ilə yaxın müddətdə işğalda qalmasına göz yuman beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri bu gün də Ermənistanın mina terroru qarşısında səssiz qalmaqda, susqunluq sərgiləməkdədir. Halbuki, Ermənistanın mina təxribatları cinayətkar dövlətə qarşı beynəlxalq sanksiyaların tətbiqini zəruri edir.

Hərbi cinayətlərini davam etdirən, mülki vətəndaşların qətlinə imza atan Ermənistanın cəzalandırılması sadəcə ədalətin deyil, həm də beynəlxalq hüququn tələbidir və bu tələbin icrası məhz əlaqədar beynəlxalq təşkilatlar tərəfindən təmin edilməlidir. Dünya birliyi anlamalıdır ki, Ermənistanın mina terrorunu davam etdirməsi bölgədə yeni bir gərginliyə yol açmaqla yanaşı, bütün regionda sülhün, sabitliyin bərqərar olması üçün ciddi maneədir.

Azərbaycan Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyi olaraq bütün beynəlxalq təşkilatları, aparıcı dövlətləri Ermənistanın mina terrorunu dayandırmağa, bunun üçün beynəlxalq hüquq və konvensiyaların imkanlarından istifadə etməyə səsləyirik. Xatırlatmaq istəyirik ki, beynəlxalq təşkilatların susqunluğu fonunda davam edən mina terroruna görə məsuliyyət Ermənistanla yanaşı, həm də bu qətliama tamaşaçı mövqeyindən yanaşan, onu önləmək üçün heç bir addım atmayan beynəlxalq qurumların üzərinə düşür.